"Ankara regionda gərginliyin artması fonunda İranla bağlı bütün mümkün ssenarilərə hazırdır".
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya XİN-in rəhbəri Yohann David Vadefulla Ankarada keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.
Türkiyəli nazir vurğulayıb ki, Ankara İranda vətəndaş müharibəsi yaratmağa yönəlmiş istənilən planın əleyhinədir:
“İranda vətəndaş müharibəsi yaratmağı və etnik və ya dini zəmində qarşıdurmaları alovlandırmağı hədəfləyən bütün planlara tam qarşıyıq. Bu cür macəralara qoşulmaq istəyənləri indidən xəbərdar edirik. Heç kim belə bir arzuya qapılmasın”.
O əlavə edib ki, Türkiyə müharibənin gedişi və mümkün nəticələri ilə bağlı bütün ssenariləri nəzərə alaraq hazırlıqlıdır.
Almaniyanın xarici işlər naziri Yohann David Vadeful isə çıxışında qeyd edib ki, Suriyada baş vermiş vətəndaş müharibəsindən sonra Türkiyə böyük humanitar yük daşıyıb və bu sahədə ciddi təcrübə qazanıb.
Onun sözlərinə görə, hazırda Türkiyədə çox sayda suriyalı yaşayır və onların bir qismi artıq ölkələrinə qayıdıb. Vadephul bildirib ki, İranla bağlı gərginlik fonunda mümkün qaçqın axını məsələsi Türkiyə üçün yenidən gündəmə gələ bilər:
“Belə bir vəziyyətin yaranmasının qarşısını almaq istəyirik. Buna görə də bu məsələ ilə bağlı Türkiyə ilə çox sıx əməkdaşlıq edəcəyik. Avropa hadisələri uzaqdan izləyən üçüncü tərəf kimi qalmaq niyyətində deyil”.
Telegram kanalımız