AZ

Mirça Luçesku vəfat etdi – ARENA.AZ

Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku bu gün 80 yaşında ürək tutmasından vəfat edib.

Arena.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, Luçesku martın 29-da infarkt keçirdiyi üçün təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, Rumıniya milli komandasının son məşqindən əvvəl keçirilmiş texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.

Əslində, Luçeskunun səhhətindəki problemlər hələ 2025-ci ilin sonunda kəskinləşməyə başlamışdı. Yanvarın sonunda o, kəskin soyuqdəymənin ürək problemlərini ağırlaşdırması səbəbindən daha bir neçə gün xəstəxanada qalmalı olmuşdu.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləmişdi. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.

Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.

Xatırladaq ki, Luçesku futbol tarixində milli komandanı meydana çıxarmış ən yaşlı baş məşqçi idi.

Mirça Luçesku 2024-cü ilin avqustunda Runıniya yığması ilə 2 illik – müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Təcrübəli mütəxəssis daha öncə də Rumıniya yığmasına rəhbərlik etmişdi. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləmişdi.

2023-cü ilin noyabr ayında Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlmişdi.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu da uğurla çalışdırıb.

Rumın mütəxəssis zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasına da rəhbərlik edib. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
5
arena.az

10Mənbələr