AZ

İşğaldan azad edilmiş Şıxbabalı kəndinin sakinləri yurdlarını ziyarət ediblər – VİDEO - FOTO

Ağdam işğaldan azad edilmiş Şıxbabalı kəndinin şəhid ailələri, Qaziləri (müharibə əlilləri və veteranlar), bir qrup sakinləri yurdlarına ziyarətə gediblər.

Qaziler.az bildirir ki, bu barədə məlumatı ziyarətdə iştirak edən Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu verib.

Onun sözlərinə görə, ziyarət Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə razılaşdırılmış qaydada baş tutub.
“Ziyarətçilər dörd şəhidin də uyuduğu (O şəhidlərdən biri Azərbaycanın 1988-ci ildə həlak olan ilk iki şəhidindən (Əli və Bəxtiyar) biri Bəxtiyar Quliyevdir.) qəbiristanlıqda həm şəhidlərin, həm də  kənd sakinlərinin dağıdılmış məzarlarını ziyarət etdilər. Şəhidlərin məzarlarına gül dəstələri qoyub və ruhuna dualar oxudular.”, deyə R.Kərimoğlu bildirib. 

Xatırladaq ki, Ağdam rayonunun Şıxbabalı kəndi 1993-cü ilin iyul ayında Ağdamın işğalı zamanı düşmənin nəzarətinə keçib və 2020-ci ilin noyabrın 20-da azad olunub. 

Ağdam rayonunun işğaldan azad edilmiş Şıxbabalı kəndinin 12 şəhidi var. 12 şəhiddən biri 44 günlük vətən müharibəsində, digəri isə anti-terroror əməliyyatlarında şəhid olubdur.

Səfərin təşkilində göstərdikləri dəstəyə görə, kənd sakinləri adından R.Kərimoğlu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi hörmətli Emin Hüseynov başda olmaqla nümayəndəliyin kollektivinə minnətdarlığını bildirib.

Qeyd: Şıxbabalı kəndində 1272-ci ildə inşa edilmiş Şıxbabalı türbəsi də mövcud olmuşdur. Eyni zamanda, eramızdan əvvəl IV əsrə, Tunc dövrünə aid olan və "Qara təpə" adlanan qədim yaşayış məskəni də Şıxbabalıda yerləşir. Sovet dönəmində professor Hidayət Cəfərovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, bu yaşayış məntəqəsi qədim Qəsr olub. Tarixi mənbələrdə də bu barədə məlumatlar mövcuddur. Qazıntılar zamanı "Qara təpə" ərazisində böyük küplər içərisində insan sümüyü qalıqları və qiymətli metallardan hazırlanmış bəzək əşyaları aşkarlanmışdır. Kənd sakinləri, həmin tapıntıların şahidi olub.

Kənddə XVII əsrdə inşa edilmiş Şıxbabalı məscidi olub. Erməni vandalları tərəfindən dağıdılmış məscidin divarlarının qalıqları hazırda qalmaqdadır.

QAZİLER.AZ

Seçilən
64
50
qaziler.az

10Mənbələr