İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Co Koul polşalı hücumçu Robert Levandovskinin “Liverpul”da oynamasını arzu edir.
Arena.az xəbər verir ki, “Barselona”nın 37 yaşlı polyak ulduzunun cari mövsümün sonunda Kataloniya klubunu böyük ehtimalla azad agent qismində tərk edəcək.
Bu arada Co Koul “Liverpul”a “Lyova” ilə müqavilə imzalamğı tövsiyə edib:
“Fikrimcə, “Liverpul”a öndə təcrübəli hücumçu mane olmaz. Robert Levandovski ilə müqavilə imzalamaq olar”, deyə Koul bildirib.
Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir. Amma tərəflərin bu ilin yayında yollarını ayırması gözlənilir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 41 oyuna çıxıb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 188 oyun, 118 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 165 oyun keçirib, 89 qol vurub, 38 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
