AZ

Azərbaycan üçün yeni müharibə riski YARANIR? - PAŞİNYAN QALİB GƏLMƏSƏ…

Məsələ ilə bağlı deputat Tural Gəncəliyev Ajans.az-a açıqlama verib. Tural Gəncəliyev bildirib ki, Ermənistan xarici kəşfiyyat xidmətinin rəhbəri Qriqoryanın deməsinə görə, Nikol Paşinyan əgər qalib gəlməsə, yəni müxalifət parlament seçkilərində qalib gəlsə, Azərbaycanda yeni müharibə riski yarana bilər. Bu sözün açığı, birincisi, təbii ki, seçkiqabağı Paşinyanın dəstəklənməsi ilə bağlı bir çağırışdır. Yəni Qriqoryan bir növ Paşinyanın sülh tərəfdarı olduğunu, sülh gündəminə sadiq qaldığını və Azərbaycanla münasibətlərdə daha konstruktiv siyasət yürüdən bir lider olduğunu vurğulamağa çalışır. Amma Azərbaycan ümumilikdə hesab edir ki, Ermənistanın daxili seçki kampaniyasında Azərbaycanın adından istifadə edilməməlidir. Azərbaycanın guya müharibə edib-etməyəcəyi ilə bağlı fikirlərin bu formada səsləndirilməsini doğru hesab etmirik. Ermənistan öz seçki kampaniyasını daxili məsələlər üzərindən qurmalıdır. Qriqoryanın bu məsələdəki açıqlamasını düzgün hesab etmirik, ölkəmizin adını bu kontekstdə hallandırmamalıdır. Deputat qeyd edib ki, Ermənistan daxilində revanşistlərin hakimiyyətə gəlməsi təhlükəli ola bilər. Təbii ki, revanşistlər hakimiyyətə gələrsə, Azərbaycana qarşı hücumlar, informasiya müharibəsi və ümumilikdə gərginliyin artması ehtimalı gündəmə gələ bilər. Onların əsas istəklərindən biri də Azərbaycana qarşı revanşist yanaşmanın davam etdirilməsi kimi qiymətləndirilir. Amma məsələ ondadır ki, istər revanşistlər, istərsə də hazırkı Paşinyan hakimiyyəti, Azərbaycanda sülhün təmin olunmasını öz istəklərinə görə deyil, reallıqlar fonunda qəbul ediblər. Azərbaycan Ordusunun qələbəsi, “dəmir yumruq” siyasəti onların yanlış hesablamalarını dəyişib və müharibə zamanı Ermənistanın hərbi imkanlarına ciddi zərbə vurulub. “Ona görə də bu məsələ Qriqoryanın açıqlamasında da əsasən Ermənistanın daxili seçki prosesləri ilə bağlı gündəmə gətirilir. Paşinyan komandası özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Revanşist və anti-Paşinyan qüvvələr isə itirilmiş mövqelər və ərazilər mövzusunu gündəmdə saxlayaraq siyasi divident qazanmağa çalışırlar.” Millət vəkilinin sözlərinə görə, bu cür  açıqlamalar regionda gərginliyi artıra bilər. Seçki kampaniyası Ermənistanda Azərbaycan üzərindən aparılmamalıdır. Müharibə ritorikası yersizdir və biz də hesab edirik ki, Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, sülh gündəminə sadiq qalmalıdır.

Azərbaycanla yeni müharibə ritorikasından uzaq durulmalıdır. Ümumilikdə Paşinyanın bu baxımdan sülh gündəminə daha yaxın olduğu və daha konstruktiv mövqe sərgilədiyi görünür. Amma son qərarı Ermənistan xalqı özü verməlidir. Heç bir halda Azərbaycana qarşı bu cür ritorikalar istifadə edilməməlidir.

Seçilən
46
50
Ajans.az

10Mənbələr