Ajans.az Page Six-ə istinadən xəbər verir ki, ən diqqətçəkən hallardan biri Bruklin Bekhem və Nikola Peltz-Bekhem cütlüyüdür. Bildirilir ki, onların Bekhem ailəsi ilə münasibətlərindəki gərginlik səbəbindən son iki ildə tədbirə dəvət almadıqları iddia olunur. Mənbələr qeyd edir ki, Vintur uzun illərdir Viktoriya və Devid Bekhemlə yaxın münasibətdədir və bu səbəbdən onların tərəfini tutur. Digər diqqətçəkən məqam isə Britaniya kral ailəsi ilə bağlıdır. İddialara görə, Vinturun Kraliça Kamilla ilə yaxın münasibətləri Meqan Markl və Şahzadə Harrinin Met Qalaya dəvət almamasında rol oynayıb. Həmçinin Marklın British Vogue-un keçmiş redaktoru Edvard Enninful ilə münasibətlərinin pisləşməsi barədə də müxtəlif şayiələr dolaşır. Bununla yanaşı, bəzi məşhurlar isə Vinturdan şəxsi dəvətlər alır. Məsələn, Bleik Layvli tədbirin daimi və seçilən qonaqlarından biri hesab olunur və tez-tez xüsusi masalarda yer alır. Met Qala moda dünyasının ən nüfuzlu və ən bahalı xeyriyyə tədbirlərindən biri olaraq qalır. Tədbirə bilet qiymətləri təxminən 100 min dollar, masaların qiyməti isə 350 min dollara qədər yüksəlir. Son məlumatlara görə, bu il keçirilən gecə Kostyum İnstitutu üçün rekord — 42 milyon dollar vəsait toplayıb. Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və əsasən anonim mənbələrə istinad edir.