AZ

Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də Respublika Günü münasibətilə keçiriləcək hərbi paradın təlimindən videolar dərc edib.

Videomaterialda Paşinyan Ermənistan istehsalı olan kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı və Fransadan alınmış “CAESAR” (SEZAR) özüyeriyən artilleriya sistemləri nümayiş etdirilir.

Qeyd edək ki, Respublika meydanında keçirilməsi nəzərdə tutulan hərbi parada Ermənistanın son illər əldə etdiyi silah-sursatlar çıxarılacaq. 

Nikol Paşinyan brifinq zamanı jurnalistlərə bildirib ki, son üç ildə Ermənistanın hərbi-sənaye kompleksinə 170 milyard dramlıq sifariş verilib.

Nəticədə, onlarla müəssisə və zavod yaradılıb. Ermənistanın Baş nazirinin sözlərinə görə, hərbi sənayenin inkişafına dövlətin təbii prosesi kimi baxmaq lazımdır.

Onun sözlərinə görə, hərbi-sənaye sahəsində icra olunan sifarişlər nəticəsində yeni istehsal sahələri yaranıb.

Nikol Paşinyanın parad keçirmək və Ermənistanın yeni, müasir silah-sursatını nümayiş etdirmək qərarının Respublika Günü bayramı ilə bağlı olması daha çox formal xarakter daşıyır. Ermənistan hakimiyyətinin bu hərbi keçidi təşkil etməsi  müəyyən siyasi mesajlar vermək məqsədi daşıyır.

Qeyd edək ki, bu, 2020-ci il 44 günlük müharibədən sonra Ermənistan ordusunun ilk hərbi paradıdır. İyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi belə bir paradın təşkili birinci növbədə, daxili ictimai rəyə hesablanıb.

44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusunun şəxsi heyətinin və hərbi arsenalının böyük hissəsi tamamilə dağılmış vəziyyətə düşməsindən sonra Paşinyanın xalq arasında məğlub imicə malikdir.

Lakin Baş nazir baş vermiş məğlubiyyətə görə özündən əvvəlki dövlət başçılarını Rusiyadan yararsız silahlar almaqda və orduya ayrılan vəsaitləri korrupsiya yolu il mənimsəməkdə ittiham edib.

Qarşıdan gələn seçkilərdə əsas rəqabət Paşinyanla Robert Köçəryanı və Samvel Karapetyanın timsalında Ermənistanın Baş nazirini “təslimçi” adlandıran revanşist müxalifət arasında gedəcək.

Ona görə də Paşinyan yeni silahlarla təchiz olunmuş ordu formalaşdırdığını göstərməklə üzərindən kapitulyant və məğlub imicini götürməyə çalışır. Paşinyanın bu səyləri seçkilərdə mühafizəkar və tərəddüdlü elektoratın səsələrini almağa yönəlib. 

Lakin mayın 28-də keçiriləcək parad həm də güc nümayişi təsiri bağışlayır. Müasir zərbə dronlarının, uzaq məsafəni vuran artilleriya sistemlərinin, raketlərin alınması və ölkədə hərbi istehsalın artırılmasıErmənistanın  Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşdığı barədə rəsmi İrəvanın bəyanatlarına kölgə salır. 

Hazırda Nikol Paşinyan hakimiyyəti Azərbaycanla növbəti münaqişəyə girmək istəmədiyini və sülh razılaşmasının tərəfdarı olduğunu bildirsə də, bu silahlanma yarışı təhlükənin aradan qalxması demək deyil.

Çünki Ermənistanın revanşist müxalifəti Azərbaycana qarşı ərazi iddialarını hələ davam etdirir və hakimiyyətə gələcəkləri təqdirdə, 2025-ci il avqustun 8-də Azərbaycanla Vaşinqtonda  paraflanmış sülh sazişindən imtina edəcəklərini gizlətmirlər.

Bu isə Ermənistanla Azərbaycan arasında üçüncü genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Yəni gələcəkdə radikal millətçi siyasi qüvvələr Ermənistanda hakimiyyətə gələcəkləri təqdirdə, müasir silahlardan Azərbaycana qarşı istifadə etməyə çalışacaq.

Ona görə də Ermənistan bölgədə sabitliyin təmin olunmasına zəmanət kimi Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı, ağır silahlanmadan da imtina etməlidir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Paşinyan Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
50
cebheinfo.az

10Mənbələr