AZ

Rusiyanın daxilinə kütləvi dron hücumu-Yaroslavl və Krasnodarda sənaye obyektləri hədəfə alındı, yaralılar var

Gecə saatlarında Rusiyanın bir neçə vilayəti Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb, strateji obyektlərə ciddi ziyan dəyib.

Musavat.com xəbər verir ki, Krasnodar diyarının Taman limanı yaxınlığında yerləşən Volna qəsəbəsində pilotsuz aparatların hücumu nəticəsində yanğın başlayıb. NASA-nın "FIRMS" peyk xidmətinin məlumatına görə, yanğın birbaşa "OTEKO" holdinqinə məxsus "Tamanneftqaz" neft terminalında baş verib.

Yerli hakimiyyət orqanları müəssisə ərazisində "avadanlıqların yanması" faktını təsdiqləyib. Hücum nəticəsində Taman qəsəbəsindəki bəzi evlərin pəncərələri sınıb, biri müəssisədə, digəri qəsəbədə olmaqla iki nəfərin yaralandığı bildirilir.

Eyni zamanda, Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev də vilayətin sənaye mərkəzinin hədəf alındığını açıqlayıb. Onun sözlərinə görə, vurulan PUA-nın qalıqları Yaroslavldakı sənaye obyektlərindən birinə düşüb, lakin dəqiq təfərrüatlar barədə məlumat verilməyib.

Gərginlik Bryansk vilayətində də hiss olunub. Ukrayna və Belarus sərhədi yaxınlığındakı Solovyovka kəndində dronun avtomobilə hücum etməsi nəticəsində iki nəfərin yaralandığı qeyd olunur.

Rusiya Müdafiə Nazirliyi hücumların qarşısının alındığını bildirsə də, strateji neft terminallarının hədəfə alınması və yanğınların miqyası cəbhə arxasında təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.



Musavat.com

Seçilən
12
46
musavat.com

10Mənbələr