AZ

Qəbələdə tarixi sülh mümkündür - Paşinyan Qarabağ həqiqətini qəbul etdirdi

Cənubi Qafqazda illərlə mümkün görünməyən bir mənzərə formalaşır. Ermənistanın baş naziri Nikol Paşinyanın açıq şəkildə Bakıya gəlmək niyyətini dilə gətirməsi, üstəlik bunu seçkiqabağı dövrdə etməsi regionda siyasi balansların dəyişdiyini göstərən ən diqqətçəkən məqamlardan biridir.

Görəsən, Paşinyan artıq erməni cəmiyyətinin sülh prosesinə əvvəlki qədər sərt yanaşmadığını düşünür? Yoxsa Ermənistan rəhbəri seçkilər öncəsi yeni siyasi kursunu rəsmən elan etməyə başlayıb?

Paşinyanın Qarabağla bağlı son açıqlamaları da Ermənistanda uzun illər toxunulmaz hesab olunan siyasi tabuların dağıldığını göstərir. Ermənistan cəmiyyəti doğrudanmı artıq Qarabağ məsələsinin bağlandığını qəbul edir? Əgər belədirsə, bu, regionun gələcək taleyi baxımından hansı dəyişikliklərə səbəb olacaq?

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Müsavat.com-a bildirdi ki, Paşinyanın seçki ərəfəsində belə bir mesaj verməsi xüsusi siyasi əhəmiyyət daşıyır: "Paşinyan erməni cəmiyyətinin onun sülh gündəminə dəstək vermədiyini düşünsəydi, məhz seçkiqabağı mərhələdə Bakıya səfər etmək niyyətini açıq şəkildə ifadə etməzdi. İlham Əliyev İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə onlayn formatda qoşulsa da, bu, Azərbaycanın Ermənistanda təşkil olunan tədbirdə iştirak etməsi anlamına gəlir. Bu addım həm də Azərbaycanın Ermənistana sülh mesajıdır. Hazırda iki ölkə arasında de-fakto sülh mühiti formalaşıb. Azərbaycan və Ermənistan arasında ticari əlaqələrin bərpası istiqamətində müəyyən addımlar atılır, tranzit açılıb və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Azərbaycandan Ermənistana neft məhsulları ixrac olunur. Bununla yanaşı, tərəflər arasında de-yure sülhün əldə olunması üçün etimad quruculuğu prosesi davam edir. Paşinyan seçki kampaniyası çərçivəsində Qarabağ məsələsinin artıq bağlandığını və həmin ərazilərin heç vaxt Ermənistana aid olmadığını açıq şəkildə bəyan etdi. Bu mövqe faktiki olaraq Azərbaycanla uzun illər davam edən düşmənçilik siyasətindən uzaqlaşma mesajıdır. Görünən odur ki, erməni cəmiyyəti Paşinyanın Qarabağla bağlı mövqeyini qəbul edir. Əks halda, belə həssas bir mövzuda seçki ərəfəsində bu cür açıqlamalar daxili etirazlarla qarşılanardı.

30 il ərzində Ermənistan cəmiyyətində Qarabağ məsələsi emosional və ideoloji formada təqdim olunurdu. Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edən şəxslər uzun müddət “vətən xaini” kimi damğalanırdı. Lakin regionda yaranmış yeni geosiyasi reallıq bu miflərin dağılmasına səbəb oldu. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin Ermənistandakı seçkilər və mümkün referendum prosesindən sonra imzalanması gözlənilir .Əgər Paşinyan seçkilərdə qalib gələrsə, tərəflər arasında sülh müqaviləsinin Azərbaycanda, məsələn, Qəbələdə imzalanması da mümkündür. Bu halda Paşinyanın geniş nümayəndə heyəti ilə Azərbaycana səfəri və iki dövlət arasında tarixi sülh sənədinin imzalanması region üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər".

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
18
50
musavat.com

10Mənbələr