AZ

"Futbolçular 1:0-dan sonra sanki qorxub, nəticəni qorumağa çalışdılar"

Azərbaycan Premyer Liqasının XIII turunun "Zirə" - "Qəbələ" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Gözlədiyimizdən daha çətin sonluq oldu. Matçda nəzarət daha çox bizdə oldu. Qoldan sonra rəqib üstünlüyü ələ aldı, böyük qüvvə ilə irəli atıldı. Hesabın, nəticələrin həyəcanı futbolçuları müdafiəyə oturmağa vadar etdi. Şükürlər olsun, qol buraxmadan vacib 3 xal qazandıq. Matçdan əvvəl də bilirdik ki, çətin olacaq.

- Son dəqiqələrdə müdafiədə boşluqlar oldu. Bu, yorğunluqla bağlı idi?
- Kənardan çox müdaxilə etdik ki, boşluq verməyək. Rəqib riskə getdi. Müdafiədə bir epizod oldu ki, Lukoviç boş qapıdan topu çıxardı. Boşluq deməzdim, sadəcə rəqib böyük qüvvə ilə irəli atılmışdı. Bu zaman biz onların boşluğundan istifadə etməliydik. Komanda üzərində təzyiq var, bu da nəticələrlə bağlıdır. Bunu hiss edirdim. Liderlik müəyyən təzyiq yaradır. Futbolçular 1:0-dan sonra qorxub, nəticəni qorumağa çalışdılar. Oyundan əvvəl də demişdim ki, üstünüksə, qorxmayaq, arxaya çəkilməyək. Sona qədər mübarizə apardıq və vacib 3 xal qazandıq.

- Elmar Baxşıyev hakim səhvlərini qabartdı. Sizin fikriniz nədir?
- Baxşıyev çox sevdiyim məşqçilərdən biridir. Gördüyü işlər təqdirəlayiqdir. Ola bilsin, emosional fikir bildirib. Hansısa epizod deyərdisə, baxıb, nəsə deyə bilərik.

- Fərdi mübarizələrdə hakimin onlara sarı vərəqə verdiyini dedi...
- Həmkarımın fikrini şərh etmək istəmirəm. Bu 3 ildə hakimlikdən ən çox əziyyət çəkən bizik. Həlledici məqamlarda həlledici səhvlər olub. Bizə deyəndə ki, hakim səhvləri ilə qələbə qazanılıb, ağır gəlir. Mətbuat konfransında təhlillər olmadan fikirlər bildirilir, buna görə çox önəm vermirəm. Soyuq başla deyilən sözlərə əhəmiyyət verirəm.

- Mətbuatda yayılan xəbərlərə görə, dekabrda "Qarabağ"la Xankəndində oynayacaqsız...
- Biz də bunu mətbuatdan oxuyuruq. Əgər olsa, biz də sevə-sevə, Xankəndidə şərəflə oynayarıq. Məncə, hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın.

- Heyətdə itkilər var idi... Rotasiyalar düşünürsüz?
- Bu gün "Qəbələ"nin də itkiləri var idi. Şikayət edə bilmərəm, bizim heyətimiz rəqibə nisbətən daha geniş idi. 3-4 oyunçumuz zədədən yeni qayıdıb. Digər tərəfdən 6 oyunçumuzun 3 "sarı"sı var. Tur bitdikdən sonra videogörüntüdən sonra oyunçusu cəzalanan bizik. Zeblinin olmayan "qırmızı"sı... Hakimlikdən çox danışmaq istəmirəm. Bu il hakimlikdə irəliləyiş var, amma mənə qarşı səhvlər olub. Mən hər zaman Rəşad Sadıqov kimi danışıram. Hakimlərdə irəliləyiş var, düzdür, həm mənim leyhimə, həm də əleyhimə səhvlər olub. Amma əvvəl bizim matçlarda səhvlər çox olub. Bunu da demək olar.

- Paxtmana bəxtsiz oyunçu demək olar? Hər mövsüm ciddi zədə alır.
- Zədədən bərpa olub. Meydana buraxmaq istəyirdik, lakin qoldan sonra risk etmədim. Ehtiyac olsa, oynayacaqdı. Onun zədələrini nəzərə alacağıq. Görünür ki, 3-4 oyun ardıcıl oynamağı hələ alınmır.

- Rəhim Sadıxovun son oyunlarda ehtiyatda qalması nə ilə bağlıdır?
- Zədə ilə. Yerli futbolçularla bağlı ciddi problemlər yaşayırıq. "Sabah"la matçda cəmi bir oyunçu - Fuad Bayramov sağlam idi. İlkini dəyişmək istəyirdim, amma onun da yerinə oyunçu yox idi. Rəhimlə danışdım və dedim ki, ehtiyatda qal. Lazım olsa, buraxacam. Ehtiyac yarandı və meydana çıxdı. Hər komandanın özünə görə problemləri var. Bunların öhdəsindən gəlməyə çalışacağıq.

- Hacıağa Hacılı uzun müddətdir oynamır.
- Mövsümün əvvəlində ciddi zədə aldı. Avqustda məşqlərə başladı, ancaq formasını yaxalamaqda problemləri üzə çıxdı. 2-3 turdur, yenə zədələnib. Hər futbolçunun problemli vaxtı olur. İndi tam sağalmasını gözləyirik. Hələ fərdi məşqlərə başlamayıb. Yəqin, bir ay sonra məşqlərə qoşulacaq.

- Əvəzedici heyətdən gözaltı etdiyiniz oyunçular var?
- Bəzi futbolçular var. Bizimlə məşq edir və özlərini göstərməyə çalışırlar. İstəklidirlər. Əvəzedicilərimiz də uğurlu çıxış edirlər. Sadəcə bir az səviyyələrini qaldırmalıdırlar ki, əsas komandada rəqabət apara bilsinlər. Gələcəkdə əvəzedicilərdən 3-4 oyunçu əsas komandada ola bilər.

Şahin Cəfərov
Seçilən
869
50
futbolpress.az

10Mənbələr