EN

İsrail-İran MÜNAQİŞƏSİ: Qlobal güclərin iştirakı olmadan qarşıdurma daha da dərinləşə bilər – ŞƏRH

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib. İsrail Hücumdan sonra İranın iki nüvə obyektində – Natanz və Fordoda partlayışlar baş verib.  Hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami və İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ölüb. Mülki şəxslər arasında da itkilər olduğu bildirilir.

İran da qarşılıq olaraq, İsrailə 800-dən artıq dron və raket atıb.

İsrailin İranı vurması və qarşılıqlı zərbələrin davam etməsi böyük müharibəyə gətirib çıxara bilərmi və Azərbaycan da daxil olmaqla, qonşu dövlətlərə təsiri nə dərəcədə ola bilər?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

O bildirib ki, İsrailin bu hücumları ani qərarların deyil, uzunmüddətli hərbi və diplomatik hazırlığın nəticəsidir.

“İsrailin İrana qarşı hava zərbələri regional təhlükəsizlik tarazlığını yenidən gündəmə gətirdi. Bu hücumlar heç də təkcə Təl-Əvivin qərarı deyil, daha geniş geosiyasi planların konturunda formalaşır.

ABŞ və Böyük Britaniyanın İraq və Suriya hava məkanından aktiv hərbi əməliyyatlara başlaması isə bu situasiyanın lokal deyil, qlobal təhlükəsizlik məsələsi olduğunu göstərir. Əsas məqsəd radikal silahlı qrupların yayılmasının və İranın regional təsir imkanlarının məhdudlaşdırılmasıdır. Bu həm də İranın bölgədəki müttəfiqləri vasitəsilə təzyiq gücünü azaltmağa yönəlmiş proaktiv strategiyadır.

İsrail Müdafiə Ordusunun rəhbəri Eyal Zamirin açıqlaması göstərir ki, bu planlar ani qərarların deyil, uzunmüddətli hərbi və diplomatik hazırlığın nəticəsidir. Dünya ölkələri bu cür qarşıdurmalarda hansısa tərəfi açıq dəstəkləməkdən daha çox, barış və dialoq cəhdlərinə önəm verməlidir.

Məhz neytral, vasitəçi mövqe tutan ölkələr – məsələn, Türkiyə, BMT-nin bir sıra üzv dövlətləri və Avropa İttifaqı bu proseslərdə sülhün təminatçısı ola bilər. İranın ABŞ dəstəyi ilə fəaliyyət göstərən İsrailə daha sərt cavab verə bilməsi üçün hərbi deyil, siyasi ittifaqlara ehtiyacı var”, – siyasi şərhçi vurğulayıb.

Daha sonra o qeyd edib ki, qlobal güclərin iştirakı olmadan İsrail-İran qarşıdurması daha da dərinləşə bilər.

“Rusiya, Çin və regional oyunçuların iştirakı olmadan bu qarşıdurma daha da dərinləşə bilər. Hər iki tərəf – həm Tehran, həm də Təl-Əviv – beynəlxalq hüququ və mülki insanların təhlükəsizliyini əsas prioritet olaraq qəbul etməlidir. Əks halda, vəziyyət nəinki Yaxın Şərqdə, hətta qlobal səviyyədə qeyri-sabitliyə səbəb ola bilər. Münaqişənin uzanması enerji bazarlarına, beynəlxalq ticarətə və miqrasiya proseslərinə də mənfi təsir göstərəcək. Bu baxımdan, dövlətlər bir tərəfi deyil, sülhü dəstəkləməlidir.

İranın cavab potensialı hərbi müttəfiqlərlə deyil, diplomatik kanallarla gücləndirilə bilər. Çin və Rusiya ilə strateji əməkdaşlıq, Tehran üçün imkan pəncərəsi kimi görünür. Lakin bu əməkdaşlıqlar belə, regionda gərginliyin artmasına səbəb olmamalıdır. İsrailin təhlükəsizlik narahatlıqları da realdır, lakin bu, qarşılıqlı təhlükə dili ilə deyil, siyasi dialoqla həll olunmalıdır.

Yaxın Şərq bu qədər qan və göz yaşından sonra artıq barışa ehtiyac duyur. Əks halda, hər bir raketin arxasında bir sivilin həyatı itəcək.

Bütün dünya bu mənzərəyə məsuliyyətlə yanaşmalı və sülhün bərqərar olması üçün birgə çalışmalıdır, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
33
50
interpress.az

10Sources