İran bu gecə növbəti dəfə İsrailə qarşı genişmiqyaslı raket hücumuna başlayıb. Yayılan ilkin məlumatlara görə, yüzlərlə ballistik raket İran ərazisindən İsrail istiqamətində atılır.
Musavat.com xəbər verir ki, İsrailin bir çox bölgəsində, o cümlədən Tel-Əviv, Hayfa və Qüds də daxil olmaqla, hava hücumu siqnalları işə düşüb. Rəsmi qurumlar əhaliyə sığınacaqlarda qalmağı və təlimatlara ciddi şəkildə əməl etməyi tövsiyə edir.
İsrail Müdafiə Ordusu (IDF) hücumları dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini işə salıb. Hazırda “Dəmir Qübbə” və digər müdafiə sistemləri vasitəsilə raketlərin qarşısının alınmasına çalışılır.
Hücumun dəqiq nəticələri və mümkün itkilər barədə rəsmi açıqlama hələ verilməyib. Hadisə beynəlxalq ictimaiyyət tərəfindən də ciddi narahatlıqla izlənilir.
Musavat.com