EN

Tramp Netanyahu görüşü nə vəd edir?

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Züriyə Qarayeva: Görüş Yaxın Şərqdə güc balansının gələcək trayektoriyasını müəyyən edə bilər

İsrail və İran arasında 12 gün davam edən münaqişədən sonra proseslərin hansı məcrada inkişaf edəcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Çünki ABŞ Prezidenti Donald Trampın çağırışı ilə tərəflər arasında atəşkəs əldə edilsə də, qarşılıqlı bəyanatlar hələ də davam etməkdədir.

Bütün dünyanın “III Dünya müharibəsinin startı” adlandırdığı münaqişə dayandırılsa da, əldə olunan atəşkəsin müvəqqəti status daşıyacağı və ya sonradan davamlı razılaşmalara yol açacağı hələ ki, dəqiq məlum deyil. Qeyd edək ki, Qərbin bir çox analitikləri atəşkəsin münaqişənin mahiyyətinin dəyişməsi təhlükəsindən qaynaqlandığını iddia edirlər. Bildirilir ki, qarşıdurmanın qısa müddət çəkəcəyi gözlənilsə də, ikinci həftəsinə qədəm qoydu - bu isə ağır nəticələr vəd edirdi. Hətta bəzi siyasi mərkəzlər qarşıdurmanın coğrafiyasının genişlənmə təhlükəsinin anonsunu verirdi. Ərəb Liqasının bəyanatları, rəsmi Tehranın verdiyi cavablar, ABŞ və İsrailin addımları da göstərirdi ki, miqyas böyüyə bilər. Bunu dayandırmaq üçün isə ilkin addım kimi atəşkəsə nail olmaq olduqca vacib əhəmiyyət daşıyır.

Bütün bunların fonunda İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq. ABŞ və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüş, Yaxın Şərq regionunda artan gərginlik, xüsusilə İranla bağlı təhlükəsizlik çağırışları fonunda mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Bu görüşün əsas gündəm mövzularından biri Qəzza zolağında davam edən hərbi əməliyyatların dayandırılması və girov mübadiləsi prosesi olacaq. Onun sözlərinə görə, Tramp administrasiyası Misir və Qətərlə birgə vasitəçilik formatında mərhələli atəşkəs planı üzərində işləyir. Bu plan həm İsrailin təhlükəsizlik tələblərini, həm də Fələstin tərəfinin humanitar ehtiyaclarını nəzərə alan kompromis model olaraq təqdim olunur.

Politoloq qeyd edib ki, görüşdə, həmçinin İranın nüvə proqramı və regional təsiri məsələləri geniş şəkildə müzakirə ediləcək: “Trampın prezidentliyə qayıdışı fonunda ABŞ-İsrail münasibətləri yenidən daha sərt İran strategiyası üzərində qurula bilər. Bu kontekstdə Tehran üzərində iqtisadi və diplomatik təzyiqlərin gücləndirilməsi, eyni zamanda hərbi ssenarilərin istisna edilmədiyi ehtimal olunur. Tərəflər İranın Suriyada, Livanda və Yəməndəki fəaliyyətlərini də təhlükə mənbəyi kimi qiymətləndirərək, regional müttəfiqlərlə koordinasiyalı tədbirlər barədə razılığa gələ bilərlər”.

Z.Qarayeva hesab edir ki, bu görüş İsrailin daxili siyasi vəziyyətində Netanyahuya dəstək məqsədi də daşıya bilər: “ABŞ tərəfindən veriləcək açıq dəstək, Netanyahu hökumətinin Qəzza siyasətinə qarşı artan beynəlxalq təzyiqlərə cavab olaraq siyasi manevr imkanlarını artıracaq. Nəticə etibarilə, Tramp-Netanyahu görüşü təkcə iki ölkə arasında strateji koordinasiyanın bərpası deyil, həm də Yaxın Şərqdə güc balansının gələcək trayektoriyasını müəyyən edə biləcək həlledici diplomatik addım kimi qiymətləndirilir. Görüşdən sonra atəşkəs planının açıqlanması, İranla bağlı birgə bəyanat və ya yeni sanksiya siqnalları istisna edilmir”.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
26
yeniazerbaycan.com

10Sources