EN

“Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açmış oldu”

“Azərbaycan və Rusiya prezidentlərinin 9 oktyabr tarixli Düşənbə görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açmış oldu”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu:

“25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi.

Həmin vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki tələbinin – günahkarların müəyyən edilərək cəzalandırılması və  həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin olunmaması ilə bağlı öz üzərlərinə heç bir öhdəlik götürmək istəmirdi. Düşənbə görüşündə isə Rusiya prezidenti ölkəmizdən növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə yetirəcəyinə söz verdi. Bununla da Azərbaycanın Rusiya ilə bağlı gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər Ali baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə qaldı.

Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda ermənipərəst qüvvələr olmaqla bir sıra güclər Azərbaycanla Rusiya arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə arasındakı münasibətlərin pisləşməyinə səy göstərirdi. Lakin Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və onlar bu istiqamətdə səylərini yaxın gələcəkdə də davam etdirəcəklər”.

Chosen
23
4
redaktor.az

10Sources