EN

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir


“Azərbaycanın xarici siyasət strategiyasında türk dövlətləri, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ildir ki, Bakının Mərkəzi Asiya respublikaları ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bura həm regionun ayrı-ayrı ölkələri ilə ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığı daxildir. Bu sırada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri və Azərbaycan dövlət başçısının həmin görüşlərdə iştirakı da xüsusi qeyd olunmalıdır”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədrinin sözlərinə görə, sözügedən platforma ilk olaraq Mərkəzi Asiyanın daxili inteqrasiya mexanizmi kimi formalaşsa da, artıq Azərbaycanın fəxri qonaq və de-fakto regional tərəfdaş kimi davamlı iştirakı onun coğrafi sərhədləri aşan yeni siyasi çalara malik olduğunu nümayiş etdirir.

“Prezident İlham Əliyevin Məşvərət Görüşündə iştirakı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir. Ümumi türk mənşəyi və ipək yolu dövründən gələn ticarət ənənələri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha sürətli inkişafına zəmin yaradıb. Heç şübhəsiz ki, bu əlaqələrin inkişafında Türk Dövlətləri Təşkilatının da xüsusi rolu olub. Azərbaycanın sözügedən təşkilatda fəal üzvlərdən biri olması, türk dünyasının inteqrasiyası prosesində bütün tərəflərin, ümumilikdə türk dünyasının maraqlarına xidmət edən təşəbbüslərlə çıxış etməsi Bakı ilə Mərkəzi Asiya respublikaları arasında münasibətlərin, inteqrasiyasının daha da sürətlənməsinə imkan yaradıb”.

İlham İsmayılovun sözlərinə görə, əgər 1990–2000-ci illərdə əməkdaşlıq əsasən enerji və nəqliyyat üzərində qurulmuşdusa, 2010-cu illərdən etibarən Azərbaycan regionda özünü tranzit-logistika mərkəzi kimi möhkəmləndirdikcə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın miqyası genişlənməyə başladı:

“Burada xüsusilə, tezliklə reallaşması və fəaliyyətə başlaması nəzərdə tutulan Zəngəzur dəhlizinin imkanlarını qeyd etmək lazımdır. Prezident İlham Əliyevin Məşvərət Görüşündə qeyd etdiyi kimi bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın nəqliyyat və logistka sahəsində mühüm rola malik olması, Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən mühüm aktora çevrilməsi elə iştirakçı dövlətlər tərəfindən də qəbul edilir, dəstəklənir. Bu mənada Qırğızıstan prezidentinin “Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı olacaq” fikri də mühüm əhəmiyyət kəsb edir. Görüşdə çıxış edən Sadır Japarov bildirib ki, strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ölkələrimizi sadəcə birləşdirməyəcək, həm də logistikanı yenidən formatlaşdıraraq, Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür”.

ATXƏM sədri onu da qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl olaraq 2023, 2024 və 2025-ci illərdə keçirilən görüşlərdə iştirakı Azərbaycanın artıq Mərkəzi Asiya regionunun siyasi gündəminin formalaşmasında aktiv tərəfdaş olduğunu nümayiş etdirir:

“Bu iştirak həm də Mərkəzi Asiya ölkələrinin Azərbaycanı regiondaxili proseslərdə mötəbər və etibarlı müttəfiq kimi qəbul etdiyini ortaya qoyur. Məşvərət Görüşlərində çıxışlar, ikitərəfli görüşlər və aparılan strateji müzakirələr göstərir ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Xəzəryanı regionun mühüm siyasi aktoruna çevrilib. Prezident İlham Əliyevin bu platformadakı fəallığı Azərbaycanın geosiyasi çəkisini artırır, Bakının regional proseslərdə balanslaşdırıcı dövlət rolunu möhkəmləndirir. Bu öz növbəsində türk dünyasının siyasi inteqrasiyasına töhfə vermiş olur. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin dərinləşməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində daha geniş siyasi konsolidasiya prosesinin tərkib hissəsidir. İlham Əliyevin Məşvərət Görüşündə iştirakı türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü 2018-ci ildən fəaliyyət göstərən yeni regional əməkdaşlıq modelidir. İlk illərdə yalnız beş ölkəni birləşdirən bu format zamanla öz siyasi təsir dairəsini genişləndirərək regiondankənar, lakin strateji əhəmiyyətə malik tərəfdaşları da daxil etməyə başladı. Azərbaycana göstərilən xüsusi dəvət həyata keçirilən regional siyasətdə Bakının mühüm rolunu qəbul edən yanaşmanın nəticəsidir.

Süleyman
Chosen
46
50
newscenter.az

10Sources