EN

Kazemiro: “Real” üçün həyəcan keçirməyə vaxtım yoxdur”

“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro keçmiş klubu “Real”la (Madrid, İspaniya) bağlı sualı cavablayıb.

Arena.az təcrübəli futbolçunun müvafiq cavabını təqdim edir:

“Mən “Real”ı izləmirəm. “Mançester Yunayted”də işim çoxdur. “Real” üçün həyəcan keçirməyə vaxtım yoxdur. Bəli, bu klubu sevirəm, amma indi həyəcanım onlarla bağlı deyil”.

Kazemiro Braziliya yığmasındakı komanda yoldaşı, “Santos”un ulduz hücumçusu Neymar haqda da qənaətini açıqlayıb:

“Əgər Neymar yaxşı fiziki və psixoloji haldadırsa, o, şübhəsiz, ən yaxşıdır. Mən onun böyük pərəstişkarıyam”.

Xatırladaq ki, Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı “dayaqçı”nın “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kazemiro bu mövsüm 10 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted” karyerası ümumilikdə 135 oyun, 20 qol və 13 məhsuldar ötürmədən ibarətdir. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.

Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 81 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
23
32
arena.az

10Sources