EN

Adrien Rabyo “Milan”ın çempionluq şansları barədə danışdı – ARENA.AZ

“Milan”ın fransız yarımmüdafiəçisi Adrien Rabyo “rossoneri”nin cari mövsümdə İtaliya çempionluğu uğrunda mübarizəsini qiymətləndirib.

Arena.az fransız futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Güclü komandamız var. Noyabr ayından dekabr ayına qədər bizi çoxlu oyun gözləyir. Fevral ayında isə bizim, nə qədər uzağa gedə biləcəyimizlə bağlı təxmini təsəvvürümüz olacaq”, deyə Rabyo vurğulayıb.

Xatırladaq ki, Adrien Rabyo bu ilin yayında Fransanın “Olimpik” (Marsel) klubundan 7 milyon avro müqabilində “Milan”a keçib. 30 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Rabyo “Milan”ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Rabyo böyük futbolda PSJ-nin heyətində debüt edib. O, bir müddət “Tuluza”da icarə əsasında çıxış edib. Fransalı futbolçu 2019-cu ilin iyulunda PSJ-dən azad agent qismində “Yuventus”a keçib. 2024-cü ilin yayında İtaliya klubundan ayrılan yarımmüdafiəçi Marsel “Olimpik”inə üz tutub.

Adrien Rabyo 2016-cı ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

Adrien Rabyonun qənimətlər muzeyində PSJ ilə qazandığı 6 Fransa Liqa 1 çempionluğu, 4 Fransa Kuboku, 5 Fransa Liqa Kuboku, 4 Fransa Super Kuboku, həmçinin “Yuventus”la İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, İtaliya Super Kuboku var.

Rabyo “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasını qazanıb və Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Rabyonun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Chosen
2
3
arena.az

10Sources