“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Naxçıvan və Tovuz təmsilçilərinin bu gün Sumqayıtda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Elmar Baxşıyev matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda yaxşı iş ortaya qoydu. Bəzi anlarda oyuna diktə edən tərəf biz idik. “Turan Tovuz”u da vurğulamaq lazımdır. Təzyiq göstərəndən sonra epizodlar yaratdılar. Bizi nəyin gözlədiyini bilirdik. “Turan Tovuz” ağır komandadır. Fikrimcə, bu gün hər iki komanda 1 xal qazandı.
İkinci hissədə komandaya hesabı qorumağı tapşırmamışdıq. Futbolçular hesabda öndə olanda psixoloji olaraq daha çox müdafiəyə diqqət yetirirlər. Hücuma da çıxırdıq. Aqressivlik var idi. Sadəcə, epizodları düzgün dəyərləndirə bilmirdik. Rəqib ikinci hissədə əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı. Bu gün hər iki komanda yaxşı oynadı.
Zəif çıxış etdiyimizi düşünmürəm. Bu gün aparıcı oyunçularımız yox idi. Ona görə rotasiyalara getməli olduq. Daha yuxarı pillələrdə ola bilərik”.
Elmar Baxşıyev də hakimliklə bağlı danışmaq istəməyib:
“Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq. Bütün dünyada belə problemlər yaşanır. İnanıram ki, referilər oyunun ritminə təsir etməz. Bu gün də xırda epizodlar var idi, etirazlarımız oldu. Bunlar futbolun içində olan elementlərdir”.
