Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində keçirilmiş “Əl-Oxdud”la oyunun iştirakçısı olub.
Ronaldo doğma meydanda baş tutmuş bu oyunda “Nəcd cəngavərləri”nin 3:0 hesablı qələbəsinə vurduğu iki qolla töhfəsini verib. 40 yaşlı veteran hücumçu 31-ci və 45+3-cü dəqiqələrdə fərqlənib. “Əl-Nəsr”in sonuncu qolunu isə 90+4-cü dəqiqədə Joao Feliks vurub.
11 turdan sonra 30 xalla “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Sözügedən kollektiv itkisiz irəliləyən yeganə komandadır. “Əl-Nəsr”in ehtiyatda təxirə salınmış bir oyunu da var.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 13 oyuna 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 119 oyun, 106 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
