EN

İsko əməliyyat ediləcək, azı bir ay oynamayacaq – ARENA.AZ

Futbol üzrə İspaniya millisinin sabiq üzvü, “Betis”in hücumameyilli yarımmüdafiəçisi və kapitanı İsko dizindən əməliyyat ediləcək.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, ispaniyalı yarımmüdafiəçi ən azı bir ay meydana çıxmayacaq.

Xatırladaq ki, İsko noyabrın 27-də Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Utrext”ə (Niderland) qarşı keçirdikləri matç zamanı komanda yoldaşı Sofyan Amrabat ilə toqquşma nəticəsində zədə almışdı. Onun indiyəqədərki müalicəsi effektsiz qaldığı üçün, həkimlər əməliyyata qərar veriblər.

Bundan əvvəl də zədədən əziyyə çəkən futbolçu cari mövsümdə cəmi 2 oyunda meydana çıxıb.

İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyul ayında “Malaqa”ya transfer edilmiş futbolçu burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyul ayında “kral klubu” futbolçunu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş yarımmüdafiəçi 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında futbolçu o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış yarımmüdafiəçi “Betis”ə 2023-cü ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir. Yarımmüdafiəçi “Betis”lə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

İskonun “Betis”in heyətində çıxışının ümumi mənzərəsi isə 71 oyun, 21 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

İsko 2013-cü ilin fevral ayında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İstedadlı futbolçu İspaniyanın əsas yığmasına U-16-dan U-21-ə qədər bütün yolu keçməklə düşüb. Yarımmüdafiəçi İspaniyanın U-21 yığması ilə 2013-cü il Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 33 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
10
3
arena.az

10Sources