“Turan Tovuz” 2025/2026-cı illər mövsümünün qış fasiləsindən sonrakı oyunlarını yenə Bakıda keçirmək məcburiyyətində qalacaq.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, sözügedən komandanın ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb.
Klubun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası tərəfindən analiz olunub və müvafiq addımlar atılıb. Belə ki, Tovuz təmsilçisinin müraciəti və “Qarabağ” klubunun razılığını nəzərə alaraq Peşəkar Futbol Liqası “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra Tovuz klubu Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.
Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Azərbaycan Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.
Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.
