RU

"Rusiya təyyarə məsələsini uzatmaqla əlaqələrə zərbə vurur" - AÇIQLAMA 

"Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda AZAL təyyarəsinin vurulması ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin mövqeyini açıq və prinsipial şəkildə ifadə edir. Ölkə rəhbəri hadisənin təfərrüatlarının artıq məlum olduğunu və Moskvanın bunu etiraf etməsinin vacib olduğunu bir daha vurğulayır. Eyni zamanda, Azərbaycanın əsas mövqeyi odur ki, bu məsələ beynəlxalq hüquq çərçivəsində ədalətlə həll olunmalıdır, təyyarəni vuranlar məsuliyyətə cəlb edilməli, qurbanların ailələrinə və AZAL-a təzminat verilməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda AZAL təyyarəsinin vurulması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirdi.

O, hesab edir ki, Azərbaycan bu məsələni sui-istifadə etmədən, gərginlik yaratmadan, hüquqi yolla həll etmək istəyir:

"Başqa söhbət yoxdur – hadisənin sülh və dialoq müstəvisində yoluna qoyulmasına üstünlük verilir. Ölkəmiz həm də Rusiya ilə strateji və qarşılıqlı faydalı əlaqələrin inkişafına böyük önəm verir, uzunmüddətli dialoq və əməkdaşlıq siyasətinə sadiq qalır.

Moskvanın cavab verməməsi, açıqlama verməkdə çəkinməsi Azərbaycan tərəfinin təmkinli yanaşmasını dəyişmir. Bakı qarşı tərəfdən hüquqi məsuliyyətin tanınmasını, hadisənin siyasi və diplomatik vasitələrlə müzakirəsini gözləyir. Bu məsələni süni gərginlik və ya qarşıdurma vasitəsi kimi istifadə etmək Azərbaycana xas olmayan davranışdır və mövqemiz həmişə konstruktiv olub".

Politoloqun sözlərinə görə, mövqeyimiz odur ki, yaranmış konflikt cari əlaqələri korlamamalıdır, əksinə, həlli üçün yaradıcı səylər gücləndirilməlidir.

"Tərəflər arasında dialoq kanalları açıqdır və Azərbaycan bu prosesi intensivləşdirməyə hazırdır. Məsələ haqda açıqlamalar, təfərrüatlı məlumatları lazımı diplomatik kanallarla verməyə, mühüm detalların obyektiv şəkildə araşdırılmasına üstünlük verilir. İkitərəfli münasibətlərdə yaranan hər hansı problemlər yalnız əməkdaşlıq və qarşılıqlı anlayış vasitəsilə həll oluna bilər.

Azərbaycanın hüquq və beynəlxalq norma çərçivəsindəki mövqeyi dünya ictimaiyyətinə açıqdır. Bizim məqsədimiz qarşı tərəflə münasibətləri gərginləşdirmədən həll yolu tapmaqdır. Bakı regionda sülh və sabitliyin möhkəmləndirilməsini ön planda saxlayır və bu çərçivədə hərəkət edir.

Nəticə etibarilə, Azərbaycan konstruktivlik, sülh və dialoq yolunu seçərək məsələni həll etməyə çalışır. Tərəfdaşlıq və əməkdaşlıq münasibətləri gərginlikdən uzaq, qarşılıqlı hörmətə söykənməli, həm regionun, həm də hər iki ölkənin mənafelərinə xidmət etməlidir. Bu, Azərbaycanın prinsipial və balanslı xarici siyasətinin əsasını təşkil edir. Rusiya bu məsələni uzatmaqla əlaqələrə zərbə vurur", - deyə T.İsmayılov vurğuladı.

Xədicə BAXIŞLI

Избранный
24
50
redaktor.az

10Источники