RU

“Tramp administrasiyası Azərbaycanın rolunu, strateji əhəmiyyətini daha dərindən anlayır” Ekspert

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bu, Əbu-Dabi görüşündən sonra iki ölkə arasında sülhün əldə edilməsi baxımından növbəti əhəmiyyətli bir görüş olacaqdır. Vaşinqton görüşünün əhəmiyyəti eyni zamanda, Azərbaycan-ABŞ əlaqələrində yeni bir mərhələnin başlanması ilə özünü göstərir”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov Prezident İlham Əliyevin ABŞ-yə səfəri və nəzərdə tutulan üçtərəfli görüşü (İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan - red.) şərh edərkən bildirib.

Ekspert deyib ki, Bayden administrasiyası dönəmində ABŞ-nin regiona yönəlik destruktiv və tərəflərin maraqlarını nəzərə almayan siyasətinin nəticəsində Azərbaycanla münasibətlərdə müəyyən gərgin məqamlar yaşanmaqda idi. Tramp administrasiyası isə əksinə, Cənubi Qafqaza böyük əhəmiyyət verir, xüsusilə Azərbaycanın rolunu, strateji əhəmiyyətini daha dərindən anlayır:

“Tramp administrasiyası dönəmində ABŞ Senatında, Konqresin Nümayəndələr Palatasında dəfələrlə Azərbaycanla Birləşmiş Ştatların əməkdaşlığının əhəmiyyəti barədə açıqlamaların şahidi olmuşuq. Cari ilin may ayında Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bir daha vurğulandı ki, Azərbaycanın Mərkəzi Asiya və Avropa arasındakı nəqliyyat qovşağında rolu danılmazdır. Eyni zamanda, Azərbaycanın karbohidrogen resurslarının tranziti məsələsində də rolu qeyd olundu. Bu baxımdan Senatdakı dinləmələrdə ABŞ-nin Azərbaycana ciddi dəyər verməli olduğu bir daha ifadə edildi”.

S.Zahidov bildirib ki, Trampın Prezident İlham Əliyevlə telefon danışıqları, ünvanladığı təbrik məktubları bir daha onu göstərir ki, hazırkı administrasiya əvvəlkilərdən fərqli olaraq Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir:

“İki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq mövcuddur. ABŞ bu günə kimi Bakı-Tbilisi-Ceyhan, TAP kimi layihələrin həyata keçirilməsində dəstək göstərən ölkələrdən biri olub. Düşünürəm ki, bundan sonra da, xüsusilə Vaşinqton görüşündən sonra ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoymaqla ABŞ-Azərbaycan əməkdaşlığını daha da dərinləşdirəcəkdir”.

Ekspert səfər çərçivəsində keçirilməsi gözlənilən üçtərəfli görüş – Prezidenlər İlham Əliyev, Donald Tramp və Baş nazir Nikol Paşinyanın görüşünə də toxunub. Onun sözlərinə görə, bu görüş Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi, ümumiyyətlə Qafqazda sabitliyin təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir: “Əbu-Dabi görüşündən hər iki tərəf razı qalmışdı, həm sülh sazişi, həm də Zəngəzur dəhlizi müzakirə edilmişdi. Düşünürəm ki, Vaşinqton görüşündə də əsas müzakirə mövzuları sülh sazişi və Zəngəzur dəhlizi olacaqdır. Hər iki məsələ ilə bağlı hansısa bəyanatın imzalanması da istisna edilməməlidir. Bilirik ki, Zəngəzur dəhlizi ilə bağlı ABŞ tərəfindən bir təklif irəli sürülüb. Birləşmiş Ştatların Türkiyədəki səfiri, Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrakın səsləndirdiyi həmin təklifdə ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət etməsi və əldə olunan gəlirlərin üç ölkə arasında bölüşdürülməsi vurğulanıb. Hesab edirəm ki, bu da Vaşinqtonda müzakirə mövzusu olacaq. Zəngəzur dəhlizinin açılması 2020-ci il bəyanatında da təsbit olunub. Azərbaycan artıq 5 ildir ki, bu məsələdə öz prinsipial mövqeyini irəli sürür. Bu, yalnız Azərbaycanı Naxçıvana birləşdirəcək bir dəhliz deyil, Türkiyəni Mərkəzi Asiya, Avropanı Çinə birləşdirəcək meqa layihədir. Strateji əhəmiyyətə malik geoiqtisadi layihədir ki, ABŞ da bunun dəyərini görür. Birləşmiş Ştatlar üçün bu dəhlizin reallaşması ələlxüsus Rusiyadan yan keçəcək yeni bir nəqliyyat qovşağının yaradılması deməkdir.

Sülh sazişinə gəlincə, bununla bağlı Azərbaycanın iki şərti var - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasında dəyişiklik. Bu şərtlər yerinə yetirilmədən yekun sazişin imzalanması bir qədər çətin görünsə də, sazişlə bağlı hansısa sənədin, çərçivə sazişi, yaxud niyyət məktubunun imzalanması istisna olunmamalıdır. Bu məktub hər iki tərəfin sülh sazişini qısa zamanda imzalamaq istəyini göstərir ki, bu da artıq yekun sazişin imzalanmasında əhəmiyyətli bir addım kimi dəyərləndirilməlidir”.

Ekspert vurğulayıb ki, Tramp 6 aydan artıqdır ki, hakimiyyətdədir, onun prezidentliyi dövründə xarici siyasətinin əsas qayələrindən biri də ABŞ-nin sülh yaratmaq narrativinin işlək vəziyyətə salınmasıdır:

“ABŞ artıq əvvəlki dönəmlərdə olduğu kimi, müharibə yaradan deyil, sülh yaradan dövlət kimi çıxış edir. Biz bunun bariz nümunələrini də görürük. Bir ay əvvəl Konqo və Ruanda arasında sülh sazişinin imzalanmasına vəsilə oldu, daha sonra Hindistan-Pakistan eskalasiyasının azalmasına dəstək verdi, bu yaxınlarda Kamboca və Tailand arasında sərhəd toqquşmasının yatırılmasında rol oynadı. Bütün bunlar onu göstərir ki, ABŞ həqiqətən də bu sülhdə maraqlıdır. O cümlədən də Azərbaycan və Ermənistan arasında sülhün olmasında Birləşmiş Ştatların böyük maraqları var. Bu sülh həm də regiona sabitlik, inkişaf gətirəcək, münaqişəli vəziyyətin olmaması bəzi kənar aktorların qeyri-sabit vəziyyətdən istifadə etməsinin qarşısını alacaq. Nə sülh, nə müharibə şəraiti bəzi regional güclərin maraqlarına uyğundur və onlar bundan istifadə edərək öz geosiyasi ambisiyalarını təmin etməyə çalışırlar. Sülh istiqamətində addımların atılması onların bu niyyətlərini puç edəcəkdir. Bu baxımdan Trampın sülhün əldə edilməsindəki rolunu yüksək qiymətləndiririk. Görürük ki, artıq digər cəbhələrdə də Tramp uğura imza atıb. Rusiya ilə Ukrayna arasında hazırkı danışıqların baş tutmasında da ABŞ-nin rolu böyükdür. Bu, sözsüz ki, Azərbaycanla Ermənistan arasında da hansısa bir razılaşmanın əldə olunmasına ümid yaratmaqdadır. Sözsüz ki, burada Ermənistan tərəfinin mövqeyi, məsələyə konstruktiv yanaşması əhəmiyyətli rol oynayır. Bu səfər bir daha onu göstərir ki, Azərbaycan sülhün təşəbbüskarı olaraq dayanaqlı sülhün təmin olunmasında maraqlıdır, eyni zamanda ABŞ-la əlaqələrin yeni mərhələyə gətirilməsinin tərəfdarıdır ki, düşünürəm ki, Vaşinqton görüşü bunun üçün ciddi zəmin olacaqdır”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
92
50
525.az

10Источники