RU

QHT sədri: Ermənistan nə qədər tez addımlar atsa, bir o qədər öz xeyrinə olacaq

Bakı, 11 avqust, AZƏRTAC

Cənubi Qafqazda qalıcı sülhün təmin olunması üçün okeanın o tayında atılan addımlar müxtəlif səbəblərə görə xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, dünyanın super dövləti olan ABŞ-ın Prezidentinin şahidliyi ilə imzalanan sənədlərin qarantiyası, şübhəsiz ki, mövcuddur. Bu baxımdan, Ermənistanın əsas qanunundan – Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsi də xüsusi önəm daşıyır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanın şərtləri tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və rəhbər şəxslər tərəfindən belə bir iddia səsləndirilirdi ki, guya Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir. Halbuki Azərbaycan haqlı olaraq tələb edir ki, əgər sülh sazişi bağlanırsa, sənədin, yəni, ana qanunun mətnində Azərbaycanın ərazisinə qarşı iddialara yer verilməməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

QHT sədrinin sözlərinə görə, müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və rəhbər şəxslər tərəfindən belə bir iddia səsləndirilirdi ki, guya Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir. Halbuki Azərbaycan haqlı olaraq tələb edir ki, əgər sülh sazişi bağlanırsa, sənədin, yəni, ana qanunun mətnində Azərbaycanın ərazisinə qarşı iddialara yer verilməməlidir.

Prezident ABŞ-da yerli media üçün müsahibəsində də bu məsələləri aydın izah gətirərik situasiyanı analiz edib: “Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur”. Eyni zamanda, Prezident İlham Əliyev ABŞ-da keçirilən Azərbaycan–ABŞ–Ermənistan Üçtərəfli Bəyannaməsinin imzalanması mərasimində xarici media nümayəndələrinin suallarını cavablandırarkən Ermənistan rəhbərliyini oturduğu yerin məsuliyyətini dərk etməyə və sülh prosesinə ciddi yanaşmağa bir daha çağırıb.

Hər zaman Azərbaycanın sözünün imzası qədər etibarlı olduğunu deyən C.Hüseynzadə bildirib: “Hesab edirəm ki, Ermənistan da artıq sülh gündəliyinin reallaşmasında öz məsuliyyətini dərk edəcək. Paşinyanın Ağ Evə dəvət olunması da Azərbaycanın prosesdəki öncül mövqeyi ilə bağlıdır. Bildiyiniz kimi, Ermənistan Baş naziri bu ilin əvvəlində Vaşinqtona səfər etsə də, Ağ Ev administrasiyası tərəfindən qəbul edilməmişdi. Hesab edirəm ki, Paşinyanın Bayden–Blinken administrasiyası ilə “əməkdaşlıq” əlaqələri yeni administrasiyanın yaddaşından silinməyib. Vaşinqton görüşü və orada götürülən öhdəliklər həm də Paşinyan üçün əvvəlki səhvlərinin bağışlanması baxımından bir şansdır. Bu səbəbdən, Ermənistan nə Konstitusiya dəyişikliklərini, nə də dəhliz məsələsini yubatmamalıdır. Əks təqdirdə, bu, ilk növbədə, ABŞ-a və şəxsən Prezident Trampa hörmətsizlik kimi qiymətləndiriləcək. Bundan başqa, Ermənistanın faktiki olaraq həm Rusiya, həm də İranla münasibətlərini nəzərdən keçirsək aydın görərik ki, mövcud şəraitdə onun nicatı Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdadır. Bu əməkdaşlıq isə Vaşinqton tərəfindən də açıq şəkildə tövsiyə olunur. Bu baxımdan, Ermənistan nə qədər tez addımlar atsa, bir o qədər öz xeyrinə olacaq. Həm iqtisadi, həm də siyasi baxımdan, bu, Ermənistan üçün yeganə çıxış yoludur.

Избранный
83
50
azertag.az

10Источники