RU

Vaşinqton görüşü və ya Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün ŞƏRH  

Tarixdə bir çox hadisələrin əhəmiyyəti və dəyəri müəyyən bir zaman keçdikdən sonra daha aydın başa düşülür. 2025-ci il avqustun 8-nə Azərbaycan diplomatiyası uzun, çətin, amma şərəfli bir yol ilə gəlib çatdı və öz hədəflərinə nail oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin qurbanı və hədəfi hər zaman Azərbaycan olub: “Qərbdəkilər üçün Azərbaycan müsəlman və türk kimliyi ilə daha çox xarakterizə olunur. Müsəlman-xristian rəqabəti tarixin müxtəlif mərhələrində fərqli formalar alsa da, mahiyyəti dəyişməz olaraq qalıb və yəqin ki bu, hər zaman davam edəcək. ABŞ-ın dünyanın ən böyük və güclü xristian ölkə olması ermənilərin ABŞ siyasətinə təsiri baxımından ən güclü üstünlükləri olub.

SSRİ dağılandan sonra ədalətsizliyə məruz qalan Azərbaycan xilas yolu kimi də təbii olaraq ABŞ-a tərəf daha çox baxırdı. Çünki o zaman artıq dünyada tək superqüvvə ABŞ idi. Rusiyanın müstəqillik əleyhinə təsirinin neytrallaşması baxımından bu qüvvə ilə münasibətlər mühüm əhəmiyyət kəsb edirdi. Amma Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycana sanksiya tətbiq edən də ABŞ oldu. İşğala məruz qalan Azərbaycan erməni lobbisinin nail olduğu 907-cü düzəliş ilə ABŞ-dan sanksiyalara məruz qaldı.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Əsrin müqaviləsinin imzalanmasına nail olması ABŞ siyasətinin dəyişdirilməsi istiqamətində uzun və fədakar bir yolun başlanğıcını qoydu. Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyi üçün o zaman ABŞ-la münasibətləri inkişaf etdirmək həyati cəhətdən əhəmiyyətli idi.

Erməni lobbisinin çox böyük təsirə malik olduğu ABŞ siyasətində ən azı neytrallığa nail olmaq çox böyük uğur idi və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası 2000-ci illərin əvvəllərində artıq bu hədəfə nail oldu. ABŞ siyastində demokratların “kor siyasəti”ni (Obama-Bayden) nəzərə almasaq, ümumilikdə ABŞ-Azərbaycan münasibətləri əsasən qarşılıqlı maraqlara əsaslanıb və praqmatik xarakter daşıyıb.

2020-ci ildə Vətən müharibəsi zamanı Tramp Administrasiyasının neytral mövqeyi Azərbaycan diplomatiyasının həm də başqa cəbhədə əldə etdiyi mühüm zəfər idi. Güclü erməni diasporunun bütün səylərinə baxmayaraq, Azərbaycanın zəfərdən sonra hər hansı sanksiyaya məruz qalmaması Prezident İlham Əliyevin dahiyanə gedişlərinin nəticəsi idi. Azərbaycan diplomatiyası dünyada ən yüksək peşəkarlıq qabiliyyətini nümayiş etdirdi”.

Deputat bildirib ki, Vaşinqton görüşü və əldə olunan razılaşmalar təkcə Ermənistan ilə bağlı deyil: “Ermənistan onsuz da Prezident İlham Əliyev tərəfindən təklif edilən prinsipləri qəbul etdiyini bəyan edərək hər mənada onun qarşısında təslim olmuşdu. Azərbaycanın Qarabağda məğlub etdiyi qüvvələr sırasında Ermənistan ən kiçiyi və ən zəifi idi. Digər düşmənlər üzərində zəfərin sənədləşməsi üçün avqustun 8-də görüş lazım idi. Bu görüş çox ustalıqla və məharətlə təşkil olundu.

ABŞ Prezidentinin dilindən bütün dünyaya (eləcə də Azərbaycanın düşmənlərinə) verilən mesajlar artıq bütöv və azad Azərbaycanın müstəqilliyini və dövlətçiliyini əbədi etdi.

Beləliklə, 1994-cü il Əsrin müqaviləsi ilə Ulu öndər Heydər Əliyev ərazilərinin bir hissəsi işğal altında olan Azərbaycanın müstəqilliyini və dövlətçiliyinin qoruyub saxlaya bilmişdirsə, 2025-ci il 8 avqustda Prezident İlham Əliyev azad və bütöv Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin əbədi olmasına nail oldu. Bu, dünya diplomatiya tarixində bir müsəlman və türk dövlətinin indiyə qədər nail olduğu ən yüksək zirvədir”.

Избранный
90
50
azerbaijan-news.az

10Источники