RU

"Trampın Alyaska görüşü sülh mükafatına layiq görülməsi üçün tələsik verdiyi qərardır"

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında keçiriləcək Alyaska görüşü ABŞ–Rusiya münasibətlərinin və Ukrayna müharibəsinin gələcəyi baxımından diqqət mərkəzindədir.
 
Moderator.az olaraq, mövzunun aktuallığını əsas götürərək, politoloq Taleh Əliyev ilə həmsöhbət olduq. Söhbət əsnasında Alyaska görüşünün region üçün əhəmiyyətini, Ukrayna müharibəsi və digər əsas məsələlər üzrə potensial nəticələri, eləcə də ABŞ-Rusiya münasibətlərinə təsirini öyrənməyə çalışdıq.
 
Həmin müsahibəni təqdim edirik:
 
 – Taleh müəllim, Tramp ilə Putin arasında baş tutacaq Alyaska görüşünün məqsədi və nəticələri barədə nə deyə bilərsiniz?
 
– ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində seçicilərə verdiyi ən böyük vədlərdən biri Rusiya-Ukrayna müharibəsinin çox qısa zamanda, hətta ilkin dövrlərdə, bir gün ərzində həll olunması ilə bağlı idi. Lakin hakimiyyətə gəlişindən demək olar ki, xeyli müddət keçməsinə baxmayaraq, bu istiqamətdə müsbət heç bir nəticə əldə olunmayıb. Hadisələrin bu formada davam etməsi isə şübhəsiz ki, həm amerika xalqında, həm də dünya ictimaiyyətində Trampa qarşı Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı yeni suallar yaradırdı.
 
Bu münaqişə hələ də həll olunmayıb. Trampın hazırda ən böyük hədəfi Nobel sülh mükafatına layiq görülməkdir. Digər regionlarda da sülh uğurları mövcuddur: Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımlar, Hindistan-Pakistan arasında atəşkəsin qorunması və Tayland ilə Kamboca arasındakı münaqişələrin yatırılması. 
 
Bütün bunları nəzərə alaraq demək olar ki, Trampın Alyaskada Rusiya ilə görüşü sülh mükafatına layiq görülmək məqsədilə atdığı tələsik bir addımdır.
 
– Sizcə, tərəflər Ukrayna müharibəsi və digər əsas mövzular üzrə hansı real nəticələr əldə edə bilərlər?
 
– Əvvəlcə bu görüşlə bağlı verilən açıqlamalarda tərəflər arasında ərazi mübadiləsi məsələsinin həll olunacağı, Ukrayna tərəfinin müəyyən güzəştlərə gedəcəyi bildirilirdi. Lakin Alyaskadakı görüşün vaxtı dəqiq müəyyən edildikdən sonra Ukrayna prezidentinin Avropalı müttəfiqləri, xüsusilə Böyük Britaniyanın baş naziri, Fransanın prezidenti və Almaniyanın kansleri ilə birgə görüşü və Avropa İttifaqı üzv dövlətlərin Rusiyaya güzəştə getməməklə bağlı Trampa çağırışları nəticəsində ABŞ-ın həm prezident, həm də dövlət katibi səviyyəsində Alyaska görüşü ilə bağlı ilkin yanaşması xeyli dərəcədə dəyişdi.
 
Belə ki, əvvəllər görüşün nəticəli başa çatacağı bildirilsə də, indi bu Tramp üçün tanışlıq görüşü kimi qiymətləndirilir. Eyni zamanda, bu görüş Tramp, Zelenski və Putin arasında ikinci əsas görüş üçün hazırlıq mərhələsi kimi nəzərdən keçirilir. Bütün bunlar göstərir ki, bu formal xarakter daşıyacaq və burada nəinki Cənubi Qafqazla bağlı, həm də Rusiya-Ukrayna müharibəsinin həlli və ABŞ-Rusiya arasındakı qlobal məsələlərdə əhəmiyyətli qərarlar qəbul olunmayacaq. Ola bilsin ki, hansısa məsələlərdə razılaşma əldə olunsun və bu, həm Putin, həm də Tramp tərəfindən daha önəmli görüşün əhəmiyyətini şişirtmək baxımından ciddi PR fəaliyyəti ilə təqdim edilsin.
 
– Hazırkı gərgin fonu nəzərə alaraq, bu görüşdən sonra ABŞ–Rusiya münasibətlərində yumşalma gözləmək olarmı, yoxsa bu daha çox imic tədbiri xarakteri daşıyır?
 
– Tərəflər arasında nəzərdə tutulan problemlərin həlli, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə yekunlaşması və digər ABŞ-Rusiya məsələlərinə prinsipial aydınlıq gətirilmədiyi üçün bu görüşdən ciddi nəticələr gözləmək olmaz. Görüşdən sonra ABŞ-Rusiya münasibətlərinin inkişaf istiqaməti baxımından, çox güman ki, köklü dəyişiklik baş verməyəcək. Eyni zamanda, əldə olunacaq xırda uğurlar şişirdilərək tədbirin nəticələrinə manipulyasiya ediləcək.
 
Bütövlükdə, Rusiya-Ukrayna münasibətlərinin aydınlaşması sonrakı dövrlərdə, ya birbaşa liderlər səviyyəsində, ya da müvafiq qurumlar və şəxslər arasında keçiriləcək görüşlərin gedişində reallaşacaq.
 
Pərvin Şakirqızı
Избранный
63
50
moderator.az

10Источники