RU

Azərbaycana kiberhücum edən Rusiya olub?

Bu gün Azərbaycan internetində qısamüddətlik problemlər müşahidə olundu. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşdilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, bu problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan "Delta Telekom"a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində yaranıb. 

Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər backbone operatorlara – Azertelecom və Aztelecom şəbəkələrinə yönləndirilib.

Modern.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir.

"Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.

Rusiya dövlətlərarası gərgin münasibətlərdə kiberhücumlardan daha çox istifadə edən ölkələr sırasındadır.

Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəmizi müəyyən risklər qarşısında qoyur. 

Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.

Bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir. Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür", - o qeyd edib.

Избранный
22
5
modern.az

10Источники