Bakıda toplanışda olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik baş verib.
Arena.az bu barədə AFFA-nın saytına istinadən xəbər verir.
Bildirilir ki, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli milliyə dəvət alıb. Nəzərlinin yığmadan kənarlaşdırılmasının dəqiq səbəbi açıqlanmayıb.
Xatırladaq ki, U-19 millimiz ötən gündən etibarən Maltada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq üçün toplanışa başlayıb. Elxan Abdullayevin baş məşqçisi olduğu komanda noyabrın 8-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək.
Seçmə mərhələdə 13-cü qrupda yer almış U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələ oyunları noyabrın 9-dan 19-na qədər davam edəcək. 13-cü qrupun oyunları Maltada təşkil olunacaq.

