RU

Gəncə Dövlət Aqrar Kollecində Zəfər Günü qeyd olunub - FOTOLAR

Gəncə Dövlət Aqrar Kollecində 8 Noyabr - Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.

"Unikal"
xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Türkiyə Cümhuriyyəti Baş Konsulluğunun Attaşesinin müavini Canay Muslu Yancı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mahir Hüseynov, şəhid ailələrinin üzvləri, qazilər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən Zəfər Qurbanov deyib ki, 2020-ci ilin 8 Noyabrı xalqımızın tarixində və taleyində möhtəşəm gündür. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, igid əsgər və zabitlərimizin şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində 30 illik işğala və ədalətsizliyə son qoyulub. Düşmənin illərlə işğal altında saxladığı torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub.

Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında qeyd edib ki, Zəfər bayramı xalqımızın şanlı tarix səhifələrinə qızıl hərflərlə yazılıb. Bu qələbə xalqımızın vətənsevərliyini, qüdrətini və dəyanətini bir daha sübut edib. Azərbaycan artıq dünyada öz sözünü deyən qalib xalq olaraq tanınmaqdadır.

Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev çıxışında Vətən müharibəsindən keçən 5 il müddətdə Azərbaycanın əldə etdiyi uğurlar haqda danışaraq, bu qələbənin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Prezident cənab İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqı və onun müdrik rəhbəri hesabına mümkün olduğunu bildirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mahir Hüseynov öz növbəsində 44 Günlük Vətən müharibəsində döyüş yoldaşları ilə birgə keçdikləri döyüş yolu haqda iştirakçıları məlumatlandırıb.

Tədbir kollecin II və III kurs tələbələrinin hazırladığı zəngin konsert proqramı ilə davam edib. Proqramda tələbələr tərəfindən hazırlanmış canlı səhnəciklər, rəqslər, kompozisiyalar tədbir iştirakçılarına təqdim edilib.

Избранный
55
50
unikal.az

10Источники