RU

Brayan Mbömo - Premyer Liqada oktyabrın ən yaxşısı!

“Mançester Yunayted”in sağ vingeri Brayan Mbömo İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

26 yaşlı kamerunlu futbolçu oktyabr ayında İngiltərə çempionatı çərçivəsində meydana çıxdığı 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mükafat uğrunda mübarizədə Mbömo “Aston Villa”dan Mett Keş, “Nyukasl”dan Bruno Gimaraynş, “Mançester Siti”dən Erlinq Haland, “Bornmut”dan Eli Junior Krupi, “Sanderlend”dən Nordi Mukiele, “Brentford”dan İqor Tyaqo və “Arsenal”dan Yuryen Timber kimi futbolçuları qabaqlayıb.

Mbömo karyerasında ilk dəfə bu mükafata layiq görülüb.

Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda isə “Mançester Siti”nin hücumçusu Erlinq Haland bu ada layiq görülmüşdü.

Brayan Mbömo “Mançester Yunayted”ə 2025-ci ilin yayında İngiltərənin digər klubu “Brentford”dan 75 milyon avro müqabilində keçib. Onun Mançester nəhəngi ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var. Kamerunlu vinger “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 11 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Brayan Mbömo əslən Kamerundan olsa da, Fransada dünyaya göz açıb və peşəkar karyerasına da bu ölkənin “Trua” klubunda başlayıb. “Brentford” onu 2019-cu ildə 6,5 milyon avro müqabilində heyətinə qatmışdı.

Vaxtilə Fransanın U-17, U-20 və U-21 yığmalarında oynamış Mbömo 2022-ci ilin sentyabrından Kamerun millisində çıxış edir. O, yığmada 26 oyuna 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
13
22
arena.az

10Источники