RU

Camal Musiala zədədən sonra ilk dəfə məşq etdi - ARENA.AZ

Almaniya yığmasının və “Bayern”in hücumameyilli yarımmüdafiəçisi Camal Musiala zədədən sonra bərpa prosesini uğurla davam etdirir.

Arena.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Futbolçu reabilitasiya məşqçisi Saymon Martinellonun rəhbərliyi altında fərdi məşq keçib və ilk dəfə top ilə işləyə bilib. Onun yaxın gələcəkdə komanda ilə məşqlərə qoşulması da gözlənilir.

Xatırladaq ki, Musiala 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/4 final oyununda (0:2) ağır zədələnmişdi. Musiala oyunun birinci hissəsində PSJ-nin 26 yaşlı italyan qapıçısı Canluici Donnarumma ilə toqquşaraq, sınıqla üzləşmişdi. Musialanın sol baldır sümüyü sınmış və topuğunun çıxması səbəbindən ayaq vətərləri zədələnmişdi. Bu üzdən də o, əməliyyata məruz qalmışdı.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

2024/2025-ci illər mövsümündə Musiala “Bayern”in heyətində 44 oyun keçirib, 21 qol vurub, 8 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 207 oyun, 64 qol və 39 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 5 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
40
27
arena.az

10Источники