RU

Azərbaycan Orta Asiya regional əməkdaşlıq arxitekturasında əhəmiyyətli mövqeyə yüksəlib

Orta Asiya regionu son illərdə yeni əməkdaşlıq fəlsəfəsi ilə səciyyələnən, iqtisadi dinamizmi, strateji kommunikasiyaları və modern geosiyasi baxışları ilə beynəlxalq sistemin diqqət mərkəzinə çevrilmişdir. Azərbaycan isə məhz bu mərhələdə bölgənin ən fəal tərəfdaşlarından biri kimi həm türk dünyasında, həm də Avrasiya geosiyasətində yeni çəkisinin formalaşmasını təmin edir. Prezident İlham Əliyevin noyabrın 15-16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvət alması, orada səsləndirdiyi strateji mesajlar və sonda Azərbaycanın yekdilliklə bu təsisata tamhüquqlu üzv statusuna qəbul edilməsi bu prosesin kulminasiya nöqtələrindən biri kimi tarixə düşdü. Bu qərar təkcə diplomatik jest deyil, regional əməkdaşlıq arxitekturasında Azərbaycanın yeni siyasi rolunun rəsmən təsdiqi hesab olunur.

Bu yüksəliş yeni geosiyasi reallıqlarda ilk növbədə Azərbaycanın ümumilikdə beynəlxalq miqyasda irəli sürdüyü siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi olaraq yeni regional arxitekturanın formalaşmasına verdiyi mühüm töhfələrlə əlaqəlidir. Belə ki, son illər Azərbaycan həm Cənubi Qafqazda post-münaqişə dövrünün siyasi formatını qurmuş, həm də nəqliyyat-logistika, enerji və təhlükəsizlik sahələrində regional mərkəzə çevrilmişdir. Orta Asiya ilə münasibətlər bu strategiyanın mühüm sütununu təşkil edir.

Azərbaycanın Məşvərət Görüşünə dəvət alması artıq bu dövlətlərin Azərbaycanı “Cənubi Qafqaza açılan qapı” kimi qəbul etdiyini göstərir. Tamhüquqlu üzv statusu isə bu etimadın institusional təsdiqi oldu. Bu qərar regionun yeni inteqrasiya xəritəsində Azərbaycanı əsas oyunçulardan birinə çevirmiş olur.

Görüşdə Yeni statusun  münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqlədiyinə, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edən  Prezident İlham Əliyevin çıxışı yalnız ikitərəfli deyil, ümumtürk məkanının gələcəyinə hesablanmış bir konsepsiyanın təqdimatı idi. Onun vurğuladığı əsas tezislər mühüm strateji istiqamətləri təsdiqləyir. İlk növbədə bu, türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının dərinləşdirilməsini ehtiva edir. Prezident açıq şəkildə bildirdi ki, türk dövlətlərinin və Şərq ölkələrinin dünyada artan nüfuzu onların birliyindən və koordinasiyasından keçir. Bu mesaj Orta Asiya ölkələri tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Nəqliyyat-kommunikasiya xəritəsində Azərbaycan–Orta Asiya sinerjisi əvəzsiz rola malikdir. Transxəzər dəhlizi, Orta Dəhliz və enerji marşrutlarının şaxələndirilməsi Azərbaycanın region üçün əvəzsiz tərəfdaş olduğunu bir daha göstərdi. Cənab İlham Əliyev qeyd etdi ki, bu infrastruktur yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik faktoru kimi çıxış edir.

Azərbaycan lideri enerji və yaşıl transformasiya sahəsində əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını bəyan etdi. Hələ bundan öncə Azərbaycan COP29-un rəhbər ölkəsi kimi yaşıl enerji layihələrinin Orta Asiya ilə koordinasiyası barədə konkret təkliflər vermişdi. Bu baxımdan cənab İlham Əliyevin təşəbbüsü regionun karbon neytrallıq strategiyasına inteqrasiya baxımından mühüm ismarıcdır.

Bundan əlavə, dövlət başçımız təhlükəsizlik və sabitlik amilinin əhəmiyyətini önə çəkməklə Azərbaycanın qalib dövlət kimi formalaşdırdığı yeni təhlükəsizlik modelini paylaşaraq regionda sülh və stabil inkişafın əsas şərtlərini təqdim etdi.

Orta Asiya məkanında Azərbaycanın artan rolunu müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sırada ilk yerdə ölkəmizin və onun liderinin etibarlı siyasi tərəfdaş imici durur. Azərbaycan müharibədən sonra qalib ölkə kimi qurduğu ədalətli və sarsılmaz siyasi xəttlə etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirmişdir.

İkincisi, Azərbaycanın mühüm logistika və enerji qovşağında yerləşməsidir. Cənub Qaz Dəhlizi, tranzit marşrutları və Bakı Ələt limanı Orta Asiya ölkələrinin Avropaya açılan əsas qapısıdır.

Bundan əlavə, Azərbaycanın türk dünyasında güclənən liderliyi Türk Dövlətləri Təşkilatında aparıcı xəttin müəlliflərindən biri kimi Orta Asiya ölkələrində fəaliyyətdə mərkəzi rol oynayır.

Üstəlik, Prezident İlham Əliyevin bölgəyə ardıcıl səfərləri, qarşılıqlı dövlət vizitləri və institusional əməkdaşlıq mexanizmləri Azərbaycanın regionda siyasi çəkisini artırır ki, bu da diplomatik dinamizmin əsas sütunlarından biridir.

Beləliklə, Azərbaycanın Orta Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə dəvət alması, Prezident İlham Əliyevin strateji tezislərlə zəngin çıxışı və yekdilliklə tamhüquqlu üzvlüyünə qərar verilməsi ölkəmizin regional siyasətdə yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu hadisə həm Türk dünyasının vahid siyasi güc kimi formalaşmasında Azərbaycan faktorunu önə çıxarır, həm də Azərbaycan–Özbəkistan münasibətlərinin yüksələn xətt üzrə strateji tərəfdaşlıq modelini daha da gücləndirir.

Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, həm də Orta Asiya–Xəzər–Avropa geosiyasətinin mühüm dayağıdır. Bu möhkəm mövqe prezident İlham Əliyevin ardıcıl, uzaqgörən və prinsipial siyasətinin məntiqi nəticəsidir.

Görüş ərəfəsində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibədə irəli sürdüyü müddəalar isə Azərbaycan–Özbəkistan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Həm bu müsahibədə, həm də Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin müsbət dinamika ilə inkişaf edərək məsafələri sıfırlayan strateji müttəfiqliyə qədər inkişaf etdiyini məmnunla ifadə etmişdir.

Reallıq ondan ibarətdir ki, müasir Azərbaycan–Özbəkistan əlaqələri tarixində son illər qədər intensiv və strateji mahiyyətli dövr olmayıb. Ulu öndər Heydər Əliyev və İslam Kərimov irsinin iki xalq arasındakı birlikdə oynadığı rol müsahibədə xüsusi qeyd olunub. Bu gün isə dövlət başçıları cənab İlham Əliyev və Prezident Şavkat Mirzıyoev arasında formalaşmış yüksək siyasi qarşılıqlı etimad bu əməkdaşlığı yeni səviyyəyə daşıyıb. Prezident İlham Əliyevin dediyi kimi: “Özbəkistan bizim yaxın dostumuz və qardaş dövlətimizdir. Aramızda heç bir məsələ yoxdur ki, onun həlli mümkün olmasın.”

Orta Dəhliz layihəsində Azərbaycan–Özbəkistan sinerjisi, neft-kimya və sənaye parklarında birgə layihələr, kənd təsərrüfatı və nəqliyyat sahəsində yeni investisiya paketləri, mədəni-humanitar sahədə yüksəliş hər iki ölkənin regional inteqrasiya üçün bir-birini tamamlayan tərəfdaş olduqlarının və iqtisadi əməkdaşlıqda yeni mərhələyə uğurla qədəm qoyulduğunun bariz nümayişidir.

Əli Hüseynli,
​Milli Məclisin deputatı

Избранный
19
50
ikisahil.az

10Источники