Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri noyabrın 26-da Ukraynadakı münaqişənin həlli istiqamətində son inkişafları müzakirə etmək üçün videokonfrans formatında toplantı keçirəcəklər.
Editor.az xəbər verir ki, bu barədə məlumat verən diplomatik mənbə görüşün hələ rəsmi elan olunmadığını, eləcə də əlavə detalların açıqlanmadığını bildirib.
Xatırladaq ki, noyabrın 23-də Cenevrədə keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Aİ və NATO-nun Ukrayna böhranının həll prosesində iştirakı məsələsi hələlik açıq qalır. Onun sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən sülh planı üzərində iş davam edir və sənəd “canlı formatda” yenilənir.
Rubio xüsusilə Rusiya aktivlərinin gələcək taleyi və Aİ ilə NATO-nun sülh danışıqlarındakı rolu ilə bağlı ciddi fikir ayrılıqlarının mövcud olduğunu qeyd edib. O əlavə edib ki, bu mübahisəli məsələlər Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri səviyyəsində müzakirə olunacaq.
// Gülnarə Abasova, Editor.az