Futbol üzrə Braziliya milli komandasının sabiq sol cinah müdafiəçisi Renan Lodi bundan sonra “Atletiko Mineyro”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı futbolçu ilə anlaşmanın müddəti və digər detalları barədə məlumat verilməyib.
Lodi yeni klubuna azad agent kimi keçib. Çünki o, bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dan azad agent kimi ayrılandan klubsuz idi.
Xatırladaq ki, Renan Lodi “Əl-Hilal”a 2024-cü ilin yanvarında Marsel “Olimpik”indən (Fransa) 23 milyon avro müqabilində keçmişdi. Braziliyalı futbolçu “Əl-Hilal”da 56 oyun keçirib, 4 qol və 11 assist müəllifi olub.
Renan daha öncə Madrid “Atletiko”sunun, “Atletiko Paranaense”nin, “Nottingem Forest”in və Marsel “Olimpik”inin də formasını geyinib. O, 2019-cu ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasında 19 oyun keçirib, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
