RU

Putinin qarşısında Paşinyandan heyrətə gətirən hərəkət Necə cəsarət edib?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və burada Prezident Vladimir Putinlə baş tutan görüşü bir çox baxımdan diqqət çəkir. İki lider zaman-zaman bir araya gəlsə də, xüsusilə son 3 ildə qarşılaşma əsasən gərgin ab-havada keçir, kiçik anlaşılmazlıqlar yaşanırdı.

Bu dəfə isə vəziyyət daha fərqli görünür, bir sözlə, liderlər kartları açıq oynayaraq narahatlıqlarını ikitərəfli görüşdə aydın şəkildə dilə gətirdilər. Putin də, Paşinyan da bağlı qapılar arxasında danışılan bir sıra məsələləri iki xalqın gözü qarşısında müzakirə etdilər.

Putinin incə mesaj və xəbərdarlıqları

Rusiya lideri Paşinyanla görüşdə nə qədər rahat görünməyə çalışsa da, müəyyən qədər stresli və gərgin olduğu hərəkətlərində özünü büruzə verirdi. Putin ilk olaraq sözə iki ölkə arasında tarixi əlaqələrə diqqət çəkərək Ermənistanda yaxınlaşan seçkilərə işarə etməklə başladı, nəticənin Moskva-İrəvan münasibətlərinə mənfi təsirinin olmayacağına ümid etdiyini bildirdi. O, həmçinin Ermənistanla ticarət dövriyəsinin hər il əvvəlkinə nisbətən artdığını, Rusiyanın bu ölkəyə Avropadan qat-qat ucuz enerji ixrac etdiyini xüsusi vurğuladı. Putinin, “Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dolları keçib, Rusiya isə Ermənistana eyni həcmdə qazı 177,5 dollara satır”, – sözləri İrəvana açıq mesaj və müqayisə idi. Yəni, Moskva ilə əməkdaşlıq İrəvana Qərbdən daha çox sərf edir.

Rusiya lideri Kremlin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük istəyini sakit qəbul etdiyini və anlayışla qarşıladığını bildirsə də, bunun mümkün olmadığı mesajını verdi. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Aİ-nin şərtlərinin qəti şəkildə bir-biri ilə uzlaşmadığını, bir təşkilata üzv olaraq onun qaydaları ilə ticarət həyata keçirən ölkənin digərinə də eyni anda üzvlüyünün qeyri-mümkünlüyünü çatdırdı. Bir tərəfdən, “müstəqil ölkəsiz, sizin qərarınızdır” bəyanatı səsləndirilsə də, “istəsəniz də, edə bilməyəcəksiz, boşuna çabadır, mümkün deyil” siqnalı birbaşa Paşinyana xalqın qarşısında çatdırıldı. Beləliklə yaxınlaşan seçkilər ərəfəsində baş nazirin ictimaiyyətə ən mühüm vədlərindən biri olan Avrointeqrasiya, Qərblə yaxınlaşma nəticəsiz, yaxud az faydalı proses olaraq göstərildi.

Putinin Paşinyanla söhbətində, şübhəsiz, ən vacib məsələ isə Samvel Karapetyanla bağlı “adsız müzakirə”dir. Rusiya lideri bu ölkəyə 2 milyona yaxın erməninin yaşadığını, Ermənistanda seçkilərdə iştirak etmək istəyən ciddi ruspərəst fiqurların olduğunu dedi. “Onların bəziləri həbsdədir, ümid edirəm ki, azadlığa çıxarlar və seçkidə iştiraklarına maneə yaradılmaz, biz bunu dəstəkləyirik”, – deyən Putin, Ermənistandakı seçkilərlə bağlı mövqeyini açıq şəkildə bəyan etmiş oldu.

Paşinyanın gözlənilməz həmləsi

Görüşdə ən maraqlı və diqqət çəkən məqamlardan biri isə Ermənistanın baş nazirinin hərəkətləri idi. Paşinyan Putin qarşısında çox rahat görünür, səmimi danışır, onun arqumentlərinə açıq şəkildə cavab verməkdən çəkinmirdi. Baş nazir əvvələr Kreml rəhbəri qarşısında ehtiyatlı davranmağa çalışan, özünə inamı daha əzif, əli-qolu bağlı, elə də güclü olmayan bir ölkənin rəhbəri kimi davransa da, bu qarşılaşmada tamamilə başqa bir Paşinyan vardı. O, Putinlə arxayın dialoq qurur, onunla özünü bərabər səviyyədə görürmüş kimi bir tutum sərgiləyirdi.

Baş nazir Putinin çıxışlarındakı bütün fikirlərə tək-tək cavab verdi. Paşinyan əvvəlcə Azərbaycanla sülhün bərqərar olunduğunu, artıq münaqişənin geridə qaldığını vurğuladı. O, bunun nəticəsində ilk dəfədir Rusiya ilə Ermənistan arasında ticarət üçün dəmir yolu əlqəsinin olduğunu qeyd etdi. Azərbaycanın razılığı ilə Ermənistana Rusiyadan rahat şəkildə malların daşındığına diqqət çəkən Paşinyan, bir növ sülhün vacibliyi, 30 illik münaqişənin artıq təzyiq vasitəsi kimi İrəvana və ümumilikdə regiona qarşı bir daha istifadə edilməsinə imkan verilməyəcəyi mesajını verdi. Əlbəttə, Paşinyanın arxayınlığının əsas səbəblərindən biri də Moskvanın Ermənistana təsir rıçaqlarının zəifləməyə davam etməsi, Avropa ilə yaxınlıq, ABŞ-la əməkdaşlıq, ən vacibi isə Azərbaycanla münasibətlərin normallaşmasıdır. Nəticə olaraq İrəvana qarşı ən güclü “silah” olan bu münaqişə təhlükəsi böyük ölçüdə aradan qalxdı. Bu isə əlbəttə ki, rəsmi Bakının qərarlılığı, qalib tərəf olmağımıza rəğmən, Prezident İlham Əliyevin sülhün təmin olunması istiqamətindəki səyləri nəticəsindədir. Bakının təzyiqlərə baxmayaraq sülh uğrunda mübarizəsi həm də Ermənistanı 30 illik sıxıntıdan, ən böyük problemindən xilas etdi.

Ermənistan lideri Avropa İttifaqına üzvlüklə bağlı məsələyə münasibət bildirərək İrəvanın həm Aİ, həm də Aİİ ilə əlaqələri paralel şəkildə yürütdüyünü, ölkəsinin ikisinin də qaydalarına uyğunlaşmağı bacardığını dedi. O, qurulan bu tarazlı əməkdaşlığın davam etdirilə biləcəyini qeyd etdi. Bu, Kremlə birbaşa mesajdır. Beləliklə İrəvan Qərbyünöümlü kursdan geri çəkilmək fikrinin olmadığını açıq şəkildə bildirdi, Moskvanın narahatlıqlarının isə ona maraqlı olmadığının mesajını verdi.

Paşinyan İrəvanın Moksva ilə bir çox sahədə, o cümlədən enerji texnologiyaları üzrə əməkdaşlığa açıq olduğunu desə də, ardınca eyni istiqamətdə başqa ölkələrlə birgə layihələrin müzakirə edildiyini də vurğuladı. Yəni Ermənistan üçün seçim sadəcə Rusiya deyil, tərəfədaşların, bu ölkə ilə maraqlananların sayı artır, Paşinyanın sülh nəticəsində qurmağa davam etdiyi yeni Ermənistanın Rusiyadan asılılığı azalır.

Putin-Paşinyan görüşü, 01.04.2026

Sadəcə bir geyim, yoxsa Kremlə qarşı duruş?

Nikol Paşinyanın Rusiya lideri ilə görüşündə yaxalıq olaraq Erməistan xəritəsinin aksesuarını taxması özündə bir çox mesaj birləşdirir. Putinlə üz-üzə əyləşən baş nazirin yaxalığı xüsusi diqqət çəkir. Adətən liderlər, rəsmi şəxslər görüşlərdə təmsil etdikləri ölkənin bayrağının, gerbinin kiçik nişanəsini yaxalıq olaraq istifadə etsələr də, Paşinyan Rusiya kimi bir ölkənin liderinin qarşısına, təbliğ etdiyi və Moskvanın maraqlarına çox da uyğun gəlməyən bir Ermənistan xəritəsi ilə çıxdı.

Onun Putinin Karapetyan mesajına cavabı da aydın idi: seçkilərdə iştiraka icazə verilməyəcək. Paşinyan Ermənistanda demokratik sistemə, söz azadlığına diqqət çəkərək ölkəsində heç də iddia edildiyi kimi siyasi məhbusların olmadığını bildirdi. O, hər ideologiyadan olan şəxsin seçkilərdə iştirak edə biləcəyini söyləsə də, başqa ölkə, elə həmçinin Rusiya vətəndaşlığı olan şəxslər üçün bunun mümkünsüz olduğunu dedi. Bəli, açıq şəkildə Putinə “Karapetyana imkan yaradılmayacaq” cavabı şəxsən verildi. Təəccüblü deyil ki, Paşinyanın bu görüşdə Putinə cəsur cavabları və ümumi çıxışı mətbuatda heyrətlə qarşılandı.

Bəs Putin niyə Karapetyana diqqət çəkir?

Hazırda seçkilərdə əsas iki namizəd var: Paşinyan və Samvel Karapetyan. Robert Köçəryan, Levon Zurabyan və digər namizədlərin adı açıqlansa da, dəstəkçiləri elə də çox deyil. Amma erməni əsilli rusiyalı iş adamı olan Karapetyanın birbaşa Kremlin adamı olduğu, 2020-ci il müharibəsindən sonra İrəvana daha çox səfər etdiyi və Moskvanın dəstəyi ilə “üsyankar” Paşinyana qarşı bir rəqib kimi formalaşdırıldığı heç kəsə sirr deyil. O, ötən il Ermənistanda dövlət çevrilişinə çağırış etməkdə ittiham olunaraq saxlanılsa da, payızda “Güclü Ermənistan” adlı yeni partiya təsis etdi, özü sədr seçildi, qardaşı oğlu Narek Karapetyan və ruspərət digər dəstəkçilərlə geniş kampaniyaya başladı. Hazırda özü həbsdə olsa da, bütün ölkədə onun güclü təbliğatı aparılır və baş nazirliyə əsas namizədlərdən biri kimi görülür.

Karapetyan seçilə bilərmi?

Ermənistan qanunlarına görə, həbsdə olan şəxs barəsində hələ yekun hökm çıxarılmayıbsa, bəli, o seçkilərə qatıla bilər. Hətta qalib gələcəyi halda azad olunması da mümkündür. Lakin ilk olaraq Karapetyanın partiyası parlamentdə səs çoxluğu qazanmalı, əvvəlcə deputat seçilməlidir. Yalnız bundan sonra səsvermə ilə baş nazir seçilərsə və günahları istintaqla sübut edilməzsə, o, azadlığa buraxıla bilər. Məsələn, Köçəryanın oğlu Levon Köçəryan ötən illərdə həbs olunsa da, partiyası parlamentdə səsvermə keçirərək onu deputat seçdi, nəticədə Levon azadlığa çıxdı.

Lakin əsas məsələ Karapetyanın Rusiya vətəndaşlığının olmasıdır. Onun tərəfdarları Samvelin bundan imtina etdiyini və Ermənistan vətəndaşlığının olduğunu desələr də, məsələ mübahisəlidir. Digər tərəfdən, hər nə qədər Robert Köçəryan baş nazirliyə namizədliyini açıqlasa da, əvvəlki liderlik təcrübəsi xalq arasında kəskin etirazla qarşılandığı üçün reytinqi çox aşağıdır, yəni bir möcüzə olmayacağı halda seçilməsi mümkün deyil. Bu səbəbdən seçkilər yeni mərhələyə qalarsa, eyni güc mərkəzinin digər təmsilçisi olan Karapetyana dəstəyini açıqlayaraq geri çəkilə bilər.

Maraqlıdır ki, Serj Sərkisyanın partiyasının seçkilərdə birbaşa iştirak etməyəcəyi, sadəcə namizədlərdən birinə dəstək verəcəyi bildirilir. Lakin bunun kim olacağı açıqlanmayıb.

Yekun olaraq, Putin-Paşinyan görüşündə mövcud gərgin geosiyasi vəziyyətdə bir çox mesaj verildi. Lakin əsas olan belə görünür: seçkidə ruspərəstlər qalib gələrsə, vəziyyət dəyişəcək, Paşinyan qalib olarsa, Moskva və İrəvan yenidən müzakirəyə başlayıb uyğun ortaq məxrəcin tapılmasına çalışacaq. Amma tərəflər arasındakı anlaşmazlıqlar yaxın iki ay ərzində Ermənistandakı seçkilər öncəsi rəqabəti daha da kəsinləşdirəcək.

Ayşən Mustafa

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
33
globalinfo.az

10Источники