ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı sərt ittihamları əslində, təsadüfi siyasi ritorikadan daha çox, qlobal güc balansında baş verməkdə olan ciddi dəyişikliklərin açıq təzahürüdür... Əgər, ABŞ həqiqətən də NATO-dan uzaqlaşarsa, bu, İkinci Dünya Müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik sisteminin əsas faktorlarından birinin sarsıdılması anlamı daşıyacaq...
ABŞ lideri Donald Tramp ilk prezidentliyi dönəmində gündəmə gətirmiş olduğu “NATO planı”nı yenidən ön plana çəkməyə başlayıb. Ağ Ev sahibi o vaxt yarımçıq buraxdığı işi tamamlamaq üçün bu dəfə ABŞ-ın NATO-dan tamamilə kənara çəkilməsinə nail olarsa, qlobal güc balansında dərin dəyişikliklərin baş verə biləcəyi qətiyyən şübhə doğurmur. Və ona görə də, hazırda qlobal məkanda əsas diqqət məhz Ağ Ev sahibinin NATO-ya münasibətdə bundan sonra atacağı addımlara yönəlib.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın ölkəsini NATO-dan çıxarmaq variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir. Onun bu barədə niyyətini rəsmən bəyan etməsi isə beynəlxalq münasibətlər sistemində dərin və potensial olaraq, sarsıdıcı dəyişikliklərin ilkin əlamətlərindən biri hesab olunur. Və onun NATO-nu “kağız pələng” adlandırması isə yalnız alyansa siyasi təzyiq ritorikası deyil, həm də ABŞ-ın uzun illərdir ki, formalaşdırdığı kollektiv təhlükəsizlik sisteminə olan etimadın ciddi şəkildə zəiflədiyini açıq şəkildə göstərir.
Məsələ ondadır ki, Ağ Ev sahibinin NATO əleyhinə bəyanatları Yaxın Şərqdə artan hərbi gərginliyə paralel olaraq, səsləndirildiyi üçün əlavə geopolitik məzmun da daşıyır. Belə ki, xüsusilə də İranla hərbi qarşıdurma vəziyyətində olan ABŞ hələ də öz müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyib. Və bu səbəbdən də, Ağ Ev ABŞ-ın NATO çərçivəsində fəaliyyət prioritetlərinə yenidən nəzər salaraq, müəyyən düzəlişlər etmək niyyətinə düşüb.
Maraqlıdır ki, ABŞ-ın NATO-ya etimadının sarsılmasına və Ağ Evin narazılığının artmasına paralel olaraq, dövlət katibi Marko Rubionun sərt açıqlamaları Ağ Evin bu hərbi-siyasi alyansa qarşı başlatdığı prosesin sistemli xarakter daşıdığını göstərir. Belə ki, onun fikrincə, İranla hərbi münaqişə başa çatdıqdan sonra ABŞ-ın NATO ilə indiki münasibətlərinə yenidən baxılması qaçılmaz olacaq. Dövlət katibi Marko Rubio onu da xüsusi olaraq vurğulayıb ki, ABŞ uzun illərdən bəri NATO-nun Avropadakı hərbi infrastrukturunun və alyansın müdafiə imkanlarının daha da gücləndirilmıəsinə yönəlik əsas yükü məhz təkbaşına daşıyır.
Ancaq dövlət katibi Marko Rubionun fikrincə, bütün bunlara baxmayaraq, NATO üzrə bəzi hərbi müttəfiqlərin taleyüklü məqamlarda ABŞ-a lazımi səviyyədə dəstək verməməsi bu alyansın effektivliyini ciddi şübhə altında buraxır. ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlar üçün müttəfiq ölkələrdəki hərbi bazalara çıxış əldə edə bilməməsi isə bu alyansın strateji əhəmiyyətini də ciddi şəkildə zəiflədir. Və bu baxımdan, Ağ Evdə NATO-nun “qarşılıqlı öhdəliklər sistemi”ndən daha çox “qeyri-bərabər yük bölgüsü” mexanizminə çevrildiyi barədə qənaətlər güclənir.
Qərb siyasi dairələrində isə artıq indidən əmindirlər ki, ABŞ-ın NATO-nu tərk edəcəyi təqdirdə, alyansda sistem və infrastruktur böhranı qaçılmaz olacaq. Çünki məlumdur ki, NATO-nun ümumi hərbi potensialının böyük bir hissəsi məhz ABŞ-ın payına düşür. Bu hərbi alyansın nüvə silahı ilə bağlı sistemləri, strateji aviasiyası və qlobal kəşfiyyat şəbəkəsi əsasən məhz ABŞ-ın texnoloji resursları hesabına fəaliyyət göstərir. Və bu səbəbdən də ABŞ-ın NATO-dan çıxması, yaxud öz fəaliyyətini kəskin şəkildə azaltması alyans üçün olduqca ciddi struktur böhranı vəd edir.
Bəzi ehtimallara görə, belə bir ssenaridə NATO ya zəifləyərək, formal siyasi platformaya çevrilə, ya da daha çevik və regional güc mərkəzlərinin üstünlük təşkil etdiyi yeni hərbi təhlükəsizlik modelinə transformasiya oluna bilər. Müşahidələr onu göstərir ki, mövcud geopolitik şərtlər daxilində ikinci variantın reallığa çevrilə biləcəyi qətiyyən istisna deyil. Və hazırda Türkiyə faktoru üzərindən qlobal məkanda yeni güc mərkəzinin yüksəlişi bu varianta daha da inandırıcı görüntülər verir.
Məsələ ondadır ki, NATO daxilində say baxımından, ikinci ən böyük orduya malik olan Türkiyə son illərdə getdikcə, daha müstəqil və çoxvektorlu xarici siyasət yürütməsiylə də diqqəti çəkir. Buna paralel olaraq, Türkiyənin geostrateji üstünlükləri isə rəsmi Ankaranın qlobal nüfuzunu daha da gücləndirir. Üstəlik, Bosfor və Dardanel boğazlarına nəzarət etməsi, eləcə də, Yaxın Şərqdə, Cənubi Qafqazda və Orta Asiyada geopolitik aktivlik, yerli müdafiə sənayesinin sürətli inkişafı isə Türkiyənin yalnız regional deyil, həm də qlobal oyunçuya çevirir.
Təbii ki, ABŞ-ın NATO-dakı fəaliyyətinin zəifləməsi Türkiyəyə bu hərbi-siyasi alyans daxilində daha böyük təsir imkanları qazandıra bilər. Bu halda, rəsmi Ankaranın artıq yalnız NATO-nun təmsilçisi deyil, həm də bu hərbi-siyasi alyans daxilində strateji gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilmə ehtimalı reallığa maksimum səviyyədə yaxınlaşmış olacaq. Və bu baxımdan, Türkiyənin ABŞ tərəfindən tərk olunmuş NATO-da həlledici hərbi-siyasi iradə mərkəzi kimi ön plana keçə biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, kollektiv Qərbin əsas hərbi-siyasi rəqibi olan Rusiya üçün də ABŞ-ın NATO-dan uzaqlaşması müəyyən strateji üstünlüklər yarada bilər. Belə ki, Şərqi Avropada təsir imkanlarının genişlənməsi, postsovet məkanında geopolitik balansın dəyişməsi və kollektiv Qərb daxilində parçalanmanın dərinləşməsi Rusiyanın maraqlarına uyğun geostrateji transformasiya ssenariləri kimi qiymətləndirilir.
Göründüyü kimi, bütün bu proseslər əslində, daha geniş tendensiyanın – qlobal təhlükəsizlik sisteminin transformasiyasının tərkib hissəsidir. Müasir dünya tədricən mərkəzləşdirilmiş təhlükəsizlik modelindən uzaqlaşaraq, daha çoxqütblü və rəqabətli hərbi-siyasi sistemə doğru irəliləyir. Bu yeni modeldə regional güclərin rolu artır, hərbi-strateji müttəfiqlik münasibətləri isə daha çevik xarakter alır. Və bu baxımdan, NATO kimi klassik hərbi-siyasi bloklar isə ya transformasiya olunmaq, ya da təsir imkanlarını tədricən itirmək ehtimalı ilə üz-üzə qalmış kimi görünürlər.
Belə anlaşılır ki, ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı sərt ittihamları əslində, təsadüfi siyasi ritorikadan daha çox, qlobal güc balansında baş verən dəyişikliklərin açıq təzahürü kimi qiymətləndirilə də bilər. Əgər, ABŞ həqiqətən də NATO-dan uzaqlaşarsa, bu, İkinci Dünya Müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik sisteminin əsas faktorlarından birinin sarsıldılması anlamı daşıyacaq. Bu haldasa, Türkiyə kimi, regional güclərin ön plana çıxması, Rusiyanın və Çinin təsir imkanlarının genişlənməsi, eləcə də, NATO-nun transformasiyası qaçılmaz görünür. Bu isə o deməkdir ki, müasir dünya yeni, həm də daha qeyri-sabit, ancaq eyni zamanda, daha çoxqütblü və rəqabətli geopolitik mərhələyə daxil olmaqdadır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()