Fransa çempionatında mübarizə aparan “Tuluza” klubu cari mövsümün sonunda baş məşqçi Karles Martines ilə yollarını ayıracaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi bu ilin 30 iyununa qədər qüvvədə olan müqavilənin müddətini uzatmayacaqlarını təsdiqləyib. Beləliklə, 41 yaşlı ispaniyalı mütəxəssis yayda vəzifəsindən ayrılacaq.
Xatırladaq ki, Karles Martines 2023-cü ildən sözügedən komandanı çalışdırırdı. Bu, onun klub səviyyəsində müstəqil şəkildə ilk iş təcrübəsidir. İspan mütəxəssis “Tuluza”nı indiyə qədər bütövlükdə 118 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 42 qələbə qazanıb, 30 heç-heçə edib, 46 məğlubiyyətə üzülüb.
“Tuluza” hazırda Fransa Liqa 1-in 2025/2026-cı illər mövsümünün turnir cədvəlində 31 oyuna topladığı 38 xalla 10-cu yerdə qərarlaşıb. Komanda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 13 məğlubiyyət görüb.
