RU

İsveçrədə 210 min evi enerji ilə təmin edə biləcək nəhəng batareya tikilir

İsveçrənin Laufenburq şəhərində iri enerji layihəsi həyata keçirilir. Söhbət hələ 1879-cu ildə ilk konsepsiyası hazırlanmış nəhəng axın tipli redoks batareyasının tikintisindən gedir...

Poliqon xəbər verir ki, bu barədə hvg.hu nəşri yazıb.

Məlumata görə, texnologiya üzərində vaxtilə NASA mühəndisləri də çalışıblar. Lakin sonradan litium-ion batareyalarının sürətli inkişafı səbəbindən layihə arxa plana keçib.

İndi isə İsveçrənin "FlexBase" şirkəti bu ideyanı reallaşdırmağa qərar verib.

Nəşr izah edir ki, redoks batareyasının əsas prinsipi enerjinin bərk elektrodlar deyil, böyük rezervuarlarda saxlanılan maye elektrolit vasitəsilə təhlükəsiz şəkildə toplanmasına əsaslanır.

Bu elektrolit alışqan deyil və litium-ion batareyalarından fərqli olaraq asanlıqla təkrar emal edilə bilir.

Sistem daxilində su əsaslı iki kimyəvi elektrolit böyük çənlərdə saxlanılır. Onlar mərkəzi membran vasitəsilə dövr etdirilərək enerji toplayır.

Mayelər membranın içindən keçərkən ionlar iki tərəf arasında hərəkət edir və bu proses batareyanın doldurulmasına və ya boşalmasına səbəb olur.

Kimyəvi prosesin xüsusiyyətlərinə görə bu tip batareyalar demək olar ki, məhdudiyyətsiz sayda doldurula və boşaldıla bilir.

Sistemə külək və günəş enerjisi yüklənəcək, daha sonra istehsalın pik dövrü bitdikdə həmin enerji yenidən elektrik cərəyanına çevriləcək.

Layihə çərçivəsində 27 metr dərinliyində nəhəng çuxur qazılması planlaşdırılır. Batareya kompleksi həmin ərazidə yerləşdiriləcək.

"FlexBase" şirkətinin məlumatına görə, tikinti başa çatdıqdan sonra sistemin enerji saxlama gücü 2,1 giqavat-saat olacaq.

Bu həcm bir milyon ev təsərrüfatını beş saat ərzində enerji ilə təmin etməyə kifayət edəcək. Eyni zamanda 210 min ev 24 saat boyunca fasiləsiz elektrik enerjisi ala biləcək.

Tikintinin 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. Layihənin ümumi dəyərinin 1,2-1,6 milyard dollar arasında olacağı bildirilir.

Poliqon.info

Избранный
15
3
poliqon.info

10Источники