RU

Markus Türam – A Seriyasında aprelin ən yaxşı oyunçusu! – ARENA.AZ

Milan “İnter”inin fransalı mərkəz hücumçusu Markus Türam İtaliya A Seriyasında aprel ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Türam ötən ay komandasının heyətində A Seriyasında meydana çıxdığı 4 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Fransalı futbolçu cari mövsümdə ilk, karyerası ərzində ikinci dəfə A Seriyasında oxşar mükafata layiq görülür. Türam 2024-cü ilin avqustunda da ən yaxşı elan edilmişdi.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda Kristian Pulişiç (“Milan”) ən yaxşı elan edilmişdisə, oktyabrda Frank Anqissa (“Napoli”), noyabrda Ceymi Vardi (“Kremoneze”), dekabrda Lautaro Martines (“İnter”), yanvarda Federiko Dimarko (“İnter”), fevralda Donyell Malen (“Roma”), martda Jeremi Boqa (“Yuventus”) fərqlənmişdi.

Markus Türam 2023-cü ilin yay transfer pəncərəsində Mönxenlqadbax “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə fransalı hücumçu “neradzurri”nin heyətində 43 oyuna çıxıb, 18 qol vurub, 8 məhsuldar ötürmə verib.

Türamın “İnter” karyerası ümumilikdə 139 oyun, 51 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Markus Türamın qənimətlər muzeyində İtaliya Super Kuboku (2023/2024) və İtaliya A Seriyası çempionluğu (2023/2024, 2025/2026) var.

Markus Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 33 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transferemarkt” intermet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Yuventus”un yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
33
6
arena.az

10Источники