“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah “Neftçi Arena”da üz-üzə gələcəklər.
Rəşad Sadıqov bu gün finaldan öncə təşkil edilmiş mətbuat konfransında maraqlı qarşılaşma gözlədiyini bildirib:
“Sabah” önəmli görüşə çıxacağıq. Fikrimcə, oyuna yaxşı hazırlaşa bildik. Sabah 40 günün tamamında 9-cu matçımızı keçirəcəyik. Hər biri də bir-birindən gərgin qarşılaşmalar olub. Qarşımızda hansı komandanın olduğunu bilirik. “Sabah” son ölkə çempionudur”.
Sadıqov final görüşündə bəzi klubların “Sabah”ın qələbəsini gözlədiyini bildirib:
“Qalib gəlsək, “Neftçi” mövsümü dördüncü sırada bitirsə də, avrokuboklara gedə bilməyəcək. Bundan başqa, “Sabah” qələbə qazansa, “Turan Tovuz” Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Finalda uduzmağımız digər klublara sərf edir. Yəqin ki, mən də onların yerində olsaydım, sabahkı matçda “Sabah”ın qələbəsini gözləyərdim. Lakin biz öz oyunumuza baxmalıyıq. Çox vacib oyuna çıxacağıq”.
Rəşad Sadıqov sabahkı matçda böyük dəyişiliklərin olmayacağını söyləyib:
“Oyunöncəsi mətbuat konfransında bəzi şeyləri açıqlamaq olmur. Amma sürpriz bir şey olmayacaq. İlk dəqiqələrdə qol vurub üstünlüyü ələ almağa çalışacağıq. Sabah bizim də müəyyən planlarımız var. İstəyirəm baxımlı oyuna şahidlik edək”.
Yeri gəlmişkən, “Zirə” final qarşılaşmasına Hacıağa Hacılının zədəsi səbəbindən itki ilə çıxacaq. Sadıqov futbolçunun bu gün baş tutmuş məşqdə əzələsini dartdığını söyləyib:
“Hacıağa bu gün məşq zamanı zədə aldı. Bu, bir az da Premyer Liqada “İmişli”yə qarşı keçirilən oyunla bağlı idi. Həmin vaxt Quba Olimpiya İdman Kompleksinin stadionu yaxşı vəziyyətdə deyildi. Futbolçular çox güc sərf etdilər. Hacıağa bizim üçün önəmli futbolçudur. Sabahkı matçda start heyətində də olmasa, onu sonradan meydana buraxmağı düşünürdüm”.
