AZ

Ekspert: "Azərbaycan Avropa üçün enerji təhlükəsizliyi məsələsində vacib tərəfdaşa çevrilir"

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsində mövqelərini gücləndirir.

Bu barədə “Report”a açıqlamasında enerji hüququ və siyasəti sahəsində doktor, ekspert Straxinya Obrenoviç məlumat verib.

Ekspert, həmçinin vurğulayıb ki, Serbiya və Azərbaycan enerji sahəsində yaxın tərəfdaşlardır: “Hər iki ölkə son illər ərzində bu istiqamətdə əməkdaşlığını dərinləşdirib”.

Onun sözlərinə görə, Azərbaycan bir sıra Avropa dövlətlərinə təbii qaz tədarükündə mühüm rol oynayır: “Bu isə Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarının idxalından asılılığı azaltmaq və təchizat mənbələrini şaxələndirməklə bağlı səylərinin əsas nəticəsidir”.

"Serbiya və Bolqarıstan arasında interkonnektorun işə salınması sayəsində indi Azərbaycan qazını əldə etmək imkanı var. Bu isə Rusiyadan mövcud idxalla yanaşı (Serbiya və Bolqarıstanın ehtiyacları üçün) əlavə təchizat mənbəyi təmin edir. Zəruri infrastrukturun inkişafı və qaz üzrə sazişlərin bağlanması bu istiqamətdə Serbiya və Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün həlledici əhəmiyyətə malikdir", - S.Obrenoviç bildirib.

Ekspert qeyd edib ki, Serbiya, bir çox digər ölkələr kimi köhnəlmiş enerji infrastrukturu problemi ilə üzləşir, onun böyük hissəsi illər əvvəl istismara verilib: “Bu isə iki ölkənin infrastruktur layihələrində əməkdaşlığının əhəmiyyətini artırır”.

Onun sözlərinə görə, Bakı və Belqradın Azərbaycan qazının Serbiyaya tədarükünün həcmini ildə 1 milyard kubmetrə çatdırmaq planının həyata keçirilməsi qaz nəqli infrastrukturunun mövcudluğundan asılıdır.

"Azərbaycan, şübhəsiz ki, Avropa ölkələrinin, o cümlədən Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Əlavə qaz tədarükü mürəkkəb geosiyasi şəraitdə daha böyük etibarlılıq və təhlükəsizlik təmin edir", - ekspert əlavə edib.

Seçilən
106
50
report.az

10Mənbələr