BAKI, 13 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamentinin Qərb Sahəsi, Lokomotivlərin İstismarı Deposu, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məşqlərin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşqlərdə heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.