“Nottingem Forest” klubu “meşəçilər”in 51 yaşlı portuqal baş məşqçisi Nuno Espirito Santo ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Santo “Nottingem Forest”i 2023-ci ilin dekabr ayından çalışdırır.
Ötən mövsümdə Santo İngiltərə Premyer Liqasında 3 dəfə – oktyabr, dekabr və mart aylarında ayın məşqçisi seçilib və müvafiq göstəricidə mövsümün rekordunu müəyyənləşdirib.
Santonun “meşəçilər”i Premyer Liqa mövsümünü 7-ci pillədə başa vurublar və 1995/1996-cı illər mövsümündən bəri ilk dəfə olaraq avrokuboklarda çıxış edəcəklər.
Santo “Nottingem Forest”i ümumilikdə 68 oyuna çıxarıb, 29 qələbə, 14 heç-heçə və 25 məğlubiyyət yaşayıb. “Meşəçilər”in top fərqi isə 119:111 nisbətindədir.
Nuno Espirito Santo məşqçilik fəaliyyətinə 2012-ci ildə “Rio Ave”də başlayıb. Sonra portuqal mütəxəssis “Valensiya” (2014/2015), “Portu” (2016/2017), “Vulverhempton” (2017-2021), “Tottenhem” (2021) və “Əl-İttihad”ı (2022/2023) çalışdırıb.