Həm mənim, həm də komandam üçün yaxşı keçid olduğunu düşünürəm.
90deqiqe.Az xəbər verir ki, Kabo-Verde millisinin üzvü Patrik Andrade bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bildirib.
Bu gün səhər məşqində iştirak edən 32 yaşlı yarımmüdafiəçi keçidini müsbət dəyərləndirib:
“Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.
O, seçim edərkən dostu Qara Qarayevin məsləhətinə üstünlük verdiyini dilə gətirib:
“Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.
Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da fikir bildirib: “Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.
Qeyd edək ki, Patrik Andrade "Araz-Naxçıvan"la “1+1" illik müqavilə imzalayıb.