Böyük Britaniya təkcə imperiya tarixi ilə yox, həm də təhsilin necə bir ənənədən gələcəyə uzanan yol olduğunu göstərən nümunəvi ölkələrdəndir.
AzEdu.az xəbər verir ki, İngiltərədə təhsilin ilk izi 597-ci ilə gedib çıxır. Kentdə King’s School, Canterbury adlı məktəb qurulmuşdu. Məktəb bu gün də fəaliyyət göstərir və dünyanın ən qədim təhsil müəssisələrindən biri sayılır. Orta əsrlərdə “oxumaq” deyəndə Latın dili, dini mətnlər və dua bilmək kifayət idi. Təhsil o qədər “seçici” idi ki, sadəcə kilsəyə yaxın olanlar oxuya bilirdi.
Elitar universitetlərin doğuluşu
1096-cı ildə Oksford Universiteti yaranmağa başladı. 1209-cu ildə isə oradan ayrılanlar Kembric Universitetini qurdu. Beləcə, “Oxbridge” adlanan və bu gün də dünyanın ən nüfuzlu təhsil mərkəzlərindən olan universitetlər yarandı.
1440-cı ildə kral VI Henri Eton College-i yaratdı.19-cu əsrə qədər təhsil əsasən zənginlər üçün idi. Amma sənayeləşmə dövrü göstərdi ki, savadsız xalqla inkişaf etmək olmur. 1870-ci ildə qəbul edilən Elementary Education Act ilk dəfə olaraq məktəbi dövlət nəzarətinə verdi. Uşaqlar 5 yaşından məktəbə getməyə başladılar.
1924-cü ildə BBC məktəblər üçün radio dərslərinə başladı. Hətta bəzi kənd məktəblərində müəllim yox idi – radioya qulaq asmaq kifayət idi. 1957-də isə ilk dəfə televiziyadan dərs yayımı oldu. Bu, dünyada bir ilk idi.
İndi isə Britaniyada məktəblərdə AI (süni intellekt) də dərs deyir. Məsələn, Century Tech və Sparx kimi platformalar şagirdin öyrənmə sürətini təhlil edib fərdi dərs planı təqdim edir. Əgər sən riyaziyyatda zəifsənsə, sistem bunu bilir və sənə uyğun şəkildə tapşırıq verir. Beləcə, müəllimlərin yükü azalır, şagirdlər isə daha rahat öyrənir.