"Middle East Eye" nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumat diqqət çəkib. Belə ki, xarici nəşr Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağından yazıb. Görüşün iyulun sonunda Dubayda keçiriləcəyi bildirilib. Liderlərin görüşü zamanı sülh sazişi layihəsi ilə bağlı müzakirə aparılacağı qeyd olunur. Mənbələrin sözlərinə görə, BƏƏ iki ölkənin liderinin görüşünə ev sahibliyi etmək niyyətindədir. İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
“Bu görüşü istisna etmirəm”
Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, iki lider arasında Dubayda keçiriləcəyi iddia olunan görüş baş tuta bilər:
“Mən bunu istisna etmirəm. Amma guya ki, Paşinyanın Türkiyəyə getməsilə dünya qarışıb. Bunda açıq-aşkar erməni təbliğatının oyunları görünür. Müzakirə olunacaq mövzular genişdir. Azərbaycan vaxtilə deyib ki, top Ermənistan tərəfindədir. Bəlkə onlardan nəsə təklif olacaq. Ermənistan tərəfi əsas məsələni malalayıb, əyri göstərmək istəyir. Ermənipərəst qüvvələr təbliğat aparırılar. Bəzən bizdə də geniş təhlil imkanlarına malik olmayanlar ermənilərin təbliğatının yayılması ilə məşğuldurlar: sülh sazişi imzalansa, Rusiya hərbçilərini Ermənistandan çıxaracaqlar. Əksinə, onlar ikitərəfli iqtisadi əlaqələri daha da artırırlar. Azərbaycanla bu böhranlı vəziyyəti xeyirlərinə istifadə edəcəklər. Bundan heç kəsin şübhəsi olmasın. Ermənistan müstəqil siyasətə qadir deyil, Azərbaycan qadirdir. Azərbaycanın potensialı, imkanı var”.
"Ermənilər Azərbaycanla Rusiya arasındakı böhranlı vəziyyətdən istifadə edəcək"
Sabiq nazir onu da qeyd edib ki, indiki mərhələdə, erməni və ermənipərəst qüvvələr müxtəlif vasitələrlə belə məlumatlar yayırlar ki, guya Rusiya-Azərbaycan münasibətlərinin pozulması Paşinyanın Türkiyə səfərindən sonra başlayıb:
“Guya ki, tərəflər sülh sazişinə imza atmaq istəyirlər, Rusiya isə bundan narahatdır. Bu, tamamilə yalan, ermənilər tərəfindən tirajlanan mövzudur. Bununla da həmin məsələdə öz istəklərini təbliğ etmək istəyirlər. Rusiya-Azərbaycan qarşıdurması heç də bu sülh sazişindən asılı deyil. Çünki o saziş bağlana da, bağlanmaya da bilər. Heç əvvəlcədən nəzərdə tutulmurdu ki, Rusiya orada iştirak etsin. Digər yandan, bu saziş çərçivə sənədidir və məsələnin tam həlli üçün bir mərhələdir. Amma Ermənistan bu sənədi elə təqdim etmək istəyir ki, guya onlar az qala Azərbaycanın tələb etdiyi məsələlərin hamısının həllinə nail olublar. Özlərini sülhpərvər qüvvə kimi göstərirlər. İndiki mərhələdə bu təbliğatı tək ermənilər yox, həm də ermənipərəstlər aparırlar. Burada mən yeni bir şey görmürəm. Ermənistan onsuz da sənədə qol çəkməyə hazırdır, amma onun qarşısında olan şərti yerinə yetirmək niyyətində deyil. Azərbaycanın əsas iradı buna görədir ki, Ermənistan Konstitusiyada bizə qarşı ərazi iddialarını aradan götürməlidir. İndi isə guya ki, Azərbaycan öz şərtindən geri çəkilir, nədi-nədi Rusiya bu bölgədən çıxır. Bu sazişə qol çəkiləndə bəyəm Ermənistandakı rus bazası ləğv olunacaq? Bu sazişin rus bazaları, sərhədçiləri nə bağlılığı var? Bu hamısı erməniyönlü təbliğatdır”.