AZ

Ermənistan hakimiyyəti Rusiyanın bütün adamlarını bir-bir “dənləyir”


Ermənistan hakimiyyəti Rusiyanın ölkə daxilində təsirini zəiflətmək üçün bu ölkəyə bağlı şəxsləri, müxalifəti, dini dairələri sıradan çıxarmaqda davam edir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işlərinin yenilənməsi bu şəxslərin yenidən həbsə atılacağını göstərir.

“Qraparak” qəzetinin yazdığına görə, Köçəryan Yunanıstandadır, komandası ilə onlayn rejimdə əlaqə saxlayır. Xatırladaq ki, ona qarşı “hakimiyyətin zorla saxlanılması”, “dövlət terroru”, “korrupsiya”, “səlahiyyətlərdən sui-istifadə” və başqa ittihamlar irəli sürülüb. Onun xələfi olan sabiq prezident Serj Sarkisyana rüşvət alma və sahibkarlıq fəaliyyətində qanunsuz iştirak etmək ittihamı irəli sürülüb. Bildirilib ki, Sarkisyana 2000-2018-ci illərdə müdafiə naziri, baş nazir və Ermənistan prezidenti vəzifələrində olarkən etibar etdiyi şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlar yaratmaq və kommersiya təşkilatlarının idarə olunmasında iştirak etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Məlumata görə, ilkin istintaqı Ermənistanın Antikorrupsiya Komitəsi aparır. İlkin istintaq zamanı Sarkisyana xüsusilə iri məbləğdə rüşvət almaqda və qanunla müəyyən edilmiş qadağanı pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətində iştirak etməkdə ittiham irəli sürülüb. Cinayət işi üzrə ilkin istintaq başa çatıb, iş materialları ittiham aktı ilə Ermənistanın Antikorrupsiya Məhkəməsinə göndərilib. Erməni keşişlərdən ikisi artıq həbsə atılıb. Bütün bu şəxslər Rusiyaya bağlıdır. Bunlarla yanaşı, Ermənistan parlamenti Rusiyanın əsas adamlarından biri olan oliqarx Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənədi 65 deputat dəstəkləyib, 30 deputat əleyhinə çıxıb. Bitərəf qalan olmayıb. Baş nazir Nikol Paşinyan iyulun sonuna kimi “Ermənistan Elektrik Şəbəkələri”nə nəzarəti ələ keçirəcəyinə ümid edir. Karapetyan 2015-ci ildə “Inter RAO”dan alınmış “Ermənistan Elektrik Şəbəkələri” ASC-ni Kiprdə qeydiyyatdan keçmiş “Liormand Holdings Limited” şirkəti vasitəsilə idarə edir. İyunun 30-da iş adamının ailəsi Ermənistan hökumətini investisiya mübahisəsinin başlanması barədə xəbərdar edib. Bu, Ermənistan və Kipr hökumətləri arasında investisiyaların təşviqi və qorunması haqqında sazişə əsaslanır və investorlara dövlət tərəfindən hüquqları pozularsa, beynəlxalq arbitraja müraciət etmək hüququ verir.

“Ermənistan Elektrik Şəbəkələri” Ermənistanın demək olar ki, bütün şəbəkə sisteminə sahibdir. O, 36 min km elektrik şəbəkəsinə nəzarət edir, bütün istehsal şirkətlərindən elektrik enerjisinin yeganə alıcısı və bütün ölkə üzrə abonentlərə elektrik enerjisinin yeganə satıcısıdır. Parlamanetdə baxılan qanun layihəsinə əsasən, Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası tərəfindən şirkətin fəaliyyətində ciddi pozuntular aşkar edilərsə, onun rəhbərliyini dəyişmək imkanı veriləcək. Bundan əvvəl qurum araşdırma aparacaq və bu müddət ərzində şirkətin sahibləri onu idarə etməkdən uzaqlaşdırılacaq. Eyni zamanda, müvəqqəti menecerin enerji və ya idarəetmə sektorlarında ən azı beş il təcrübəsi olmalıdır. Müxalifət bu təşəbbüsü dövlətin investorlardan əmlak qoparmaq cəhdi, onun sahibi Karapetyana siyasi təzyiq kimi qiymətləndirib. Xatırladaq ki, iyunun 18-də milyarder dövlət çevrilişinə çağırışda ittiham edilərək 2 ay müddətinə həbs edilib. Buna səbəb Karapetyanın Erməni Apostol Kilsəsini baş nazir Nikol Paşinyanın hücumlarından istənilən vasitə ilə müdafiə etməyə hazır olduğunu deməsi olub. İndi onu 5 ilə qədər həbs gözləyir. Maraqlıdır ki, iş adamının həbsindən sonra kilsəyə təzyiqlər daha da artıb, o cümlədən hökumət əleyhinə sui-qəsddə iştirakda ittiham olunan iki arxiyepiskop Baqrat və Mikael də həbs edilib. Lakin onlar öz fəaliyyətlərinə ötən ildən başlayıblar və dəfələrlə təkcə kilsənin müdafiəsi deyil, konkret olaraq Paşinyanın devrilməsi üçün açıq çağırışlar ediblər. Bundan əlavə, Ermənistan hökuməti Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin könüllü istefaysına lternativ olmadığını israr etməkdə davam edir. Öz növbəsində, Karapetyanın vəkili Aram Vardevanyan hesab edir ki, onun müdafiə etdiyi şəxs “Ermənistan Elektrik Şəbəkələri”nin maneəsiz milliləşdirilməsini təmin etmək üçün həbs edilib: “Deyə bilərəm ki, heç bir tədbir görülmür, sadəcə olaraq “Ermənistan Elektrik Şəbəkələri”nin işlərinə qarışmaq üçün Samvel Karapetyanın həbsi lazım idi. “.Paşinyan isə əksinə, Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsindən xəbəri olduğu və ictimaiyyətin diqqətini özünə cəlb etmək istədiyi üçün kilsəyə görə hakimiyyətlə münaqişəyə girdiyini iddia edir. Baş nazirin sözlərinə görə, milyarder hakim elita ilə cəmiyyətdə narazılıq səpmək üçün respublikanın enerji infrastrukturunu kritik vəziyyətə salıb. Karapetyanın “Taşir” Şirkətlər Qrupu iyulun 4-də İrəvanda milyarderə dəstək yürüşünün keçiriləcəyini açıqlayıb.Ermənistanın baş naziri cavab olaraq bildirib ki, onun məlumatına görə, “Ermənistan Elektrik Şəbəkələri”nin əməkdaşları bu aksiyada iştirakdan imtina etsələr, işdən çıxarılacaqları ilə hədələniblər: “İşdən çıxan, siyasi intriqalarla məşğul olan “Ermənistan Elektrik Şəbəkələri” əməkdaşları iyulda işdən çıxarılacaq. “Ermənistan Elektrik Şəbəkələri”nin əməkdaşlarını etiraz aksiyalarında iştirak etməyə məcbur edənlər işdən çıxarılmaqla yanaşı, mühakimə olunacaqlar. Yuxarıda adı çəkilən iki qrupa müqavimət göstərən və xidməti vəzifələrini yerinə yetirməkdə davam edən “Ermənistan Elektrik Şəbəkələri” əməkdaşlarının heç bir problemi olmayacaq”.

Eyni zamanda, Ermənistan İstintaq Komitəsi“Taşir”in ofisində axtarış aparıb. İdarədən bildirilib ki, əməliyyat tədbirləri dövlət çevrilişinə çağırışla bağlı deyil. İqtidaryönlü KİV-lər bildiriblər ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin xüsusilə külli miqdarda yuyulması və xüsusilə külli miqdarda vergi, rüsum və ya digər ödənişlərin ödənilməməsi maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılır.

Tahir TAĞIYEV

Seçilən
10
50
baki-xeber.com

10Mənbələr