“Tesla” şirkətinin insanabənzər “Optimus” robotlarının kütləvi istehsalı ilə bağlı iddialı planları ciddi texniki və kadr problemləri səbəbindən sual altına düşüb.
Bakues.az xəbər verir ki, bu barədə “AI Invest” analitik portalı məlumat yayıb.
Məlumata görə, robotların hazırlanmasına cavabdeh olan bölmədə vəziyyət gərgindir. Durumu daha da ağırlaşdıran amil isə layihənin rəhbəri və 2016-cı ildən İlon Maskın yaxın əməkdaşı olan Milan Kovaçın istefası olub.
Layihəni texniki problemlər də müşayiət edir. Mühəndislər robot komponentlərinin uzunmüddətli işləmə zamanı həddindən artıq qızmasını və bunun funksionallığı məhdudlaşdırdığını müəyyən ediblər. Həmçinin “Optimus” robotlarının yükqaldırma qabiliyyəti aşağıdır ki, bu da onları sənaye üçün qeyri-effektiv edir.
Hazırda sınaq partiyası “Tesla” zavodlarında sadə tapşırıqlar üçün istifadə olunur. Lakin işçilərin qiymətləndirməsinə əsasən, robotların məhsuldarlığı canlı işçilərin yarısından da azdır, bu isə onların geniş tətbiqinin iqtisadi baxımdan məqsədəuyğunluğunu şübhə altına alır.
Yaranmış çətinliklər səbəbi ilə “Tesla” təchizatçılarına ehtiyat hissələrinin alışını ən azı iki ay müddətinə dayandırdığını artıq rəsmi olaraq bildirib.
“AI Invest” ekspertləri hesab edirlər ki, bu problemlər İlon Maskın 2025-ci ildə 5-10 min “Optimus” robotunun istehsalı ilə bağlı planlarının reallaşdırılmasını ciddi şəkildə çətinləşdirəcək.