2025-ci ilin oktyabr ayından etibarən Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai" ABŞ-dakı zavodlarında "Boston Dynamics" şirkətinin hazırladığı "Atlas" humanoid robotlarını tətbiq etməyə başlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Korea Joongang Daily" nəşri məlumat yayıb.
İlk mərhələdə "Atlas" robotları avtomobil yığımına hazırlıq prosesində detalları çeşidləməklə məşğul olacaq. Bu robotlar müstəqil qərar qəbul edə, sərbəst hərəkət edə və mürəkkəb əməliyyatları yerinə yetirə bilirlər. Onlar ehtiyat hissələrini götürmək, daşımaq və düzgün yerləşdirmək kimi tapşırıqları operatorun müdaxiləsi olmadan yerinə yetirə bilir.
"Boston Dynamics" robotlarının "Hyundai" müəssisələrində tətbiqi təəccüblü deyil, çünki Koreya konserni 2021-ci ildən bu robot texnologiyaları şirkətinin 80 faiz payına sahibdir.
Qeyd edək ki, bundan əvvəl Çin şirkətləri "Dongfeng" və "Ubtech Technology" avtomobil konveyerində işləmək üçün insanabənzər robotların tətbiqinə dair razılıq əldə etmişdilər.
Həmin layihə çərçivəsində "Walker S" adlı robot-android təhlükəsizlik kəmərləri və qapı kilidlərini yoxlayacaq, kuzovların qaynaq keyfiyyətinə nəzarət edəcək. Bundan əlavə, robot mühərrik yağı tökmək, müxtəlif etiketləri yapışdırmaq və elektronika sahəsində müəyyən funksiyaları da yerinə yetirəcək.
Paşa Məmmədli