Rusiya Ukrayna müharibəsində beynəlxalq aləmdə təcrid olunduqca, müttəfiq dairəsini genişləndirmək üçün yeni tərəfdaşlara yönəlir. Belə ölkələrdən biri də Cənub-Şərqi Asiyada yerləşən Laosdur.
“Bakuinfo” Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Moskva artıq bu ölkə ilə hərbi əməkdaşlığı genişləndirməyə başlayıb.
Bildirilir ki, Rusiya–Laos əməkdaşlığı, ilk baxışdan əhəmiyyətsiz görünsə də, faktiki olaraq müəyyən real nəticələr verə bilər. Çünki Laos, Moskva ilə SSRİ dövründən bəri münasibətləri qoruyub saxlayan nadir ölkələrdən biridir və hazırda da Rusiya Federasiyası ilə sıx təmasdadır.
Laos Silahlı Qüvvələrinin təxminən 29 minlik şəxsi heyəti, azsaylı olsa da, Rusiya üçün potensial canlı qüvvə dəstəyi sayıla bilər. Ordunun arsenalında əsasən köhnə sovet istehsalı olan texnikalar yer alır. Məsələn:Tanklar: 15 ədəd T‑54/T‑55 və 10 ədəd T‑72B1 “Ağ Qartal”,Zirehli texnika: PT‑76, BMP‑1 və 50-dən çox zirehli personal daşıyıcı,
Aviasiya: Jak‑130, An‑26, Mi‑17, Z‑9A və SA‑360 tipli 30-a yaxın təyyarə və helikopter,
Zenit-raket sistemləri: S‑125, Strela‑10, “İqla” və “Şilka”.
Bununla belə, ekspertlər bu texnikanın nə qədər funksional və döyüş qabiliyyətli olduğunu sual altına alırlar. Çünki bir çox texnikanın istismar müddəti keçib və müasir standartlara uyğun deyil.
Məqalədə qeyd olunur ki, Rusiya Laosu hərbi texnika və ya digər xidmətlər qarşılığında canlı qüvvə və ya bəzi texniki vasitələr verməyə təşviq edə bilər. Bu isə münasibətlərin barter əsaslı qurulması ehtimalını artırır.
Laosun Rusiya ilə əməkdaşlığı Pekinlə münasibətləri də ehtiyatla balanslaşdırmağa çalışdığı bir dövrdə baş verir. Çin hazırda regionda əsas iqtisadi oyunçudur və Laos iqtisadi cəhətdən ona ciddi şəkildə bağlıdır.